Onun Cavid Qurbanovun psevdonimi olduğu təkzib edilib
“Azadlıq”ın 8-9 yanvar sayında “Röyanın 50 minlik klipində Cavid Qurbanov izi” adlı məlumat dərc edilib. Xəbərdə bildirilib ki, müğənni Röyanın ifa etdiyi “Ağla” mahnısının sözləri “Azəryolservis” rəhbəri, deputat C.Qurbanova məxsusdur. 50 min avroya başa gəldiyi qeyd edilən mahnının sözlərinin Azad Isayevə məxsus olduğu, yəni Cavid Qurbanovun şeirlərinin öz adı ilə təqdim edilmədiyi də sözügedən məlumatda bildirilib. Məlumatda, həmçinin qeyd edilib ki, iddialara görə, Azad Isayev Cavid Qurbanovun psevdonimidir.
Bu xəbərlə bağlı qarşı tərəf kimi redaksiyamızla əlaqə saxlayan A.Isayevin təmsilçisi söyləyib ki, sözügedən şəxs, əslində, iş adamıdır. Amma nəğməkar şair kimi şeirlər yazır və gənc müğənnilər də bu şeirlərə mahnı mətni kimi müraciət edir: “Onun şeirlərinə bəstələnən mahnıları Röya, Elnur, Zamiq, Ülvi, Ayaz və digər müğənnilər ifa edib. A.Isayevin şeirləri gənclərin ruhuna yaxın olduğu üçün onlarla mətninə mahnılar bəstələnib. Röyanın ifa etdiyi ”Ağla” mahnısı da deyildiyi kimi, C.Qurbanova deyil, A.Isayevə məxsusdur. Iş adamı olan A.Isayev heç də iddia edildiyi kimi, C.Qurbanovun psevdonimi deyil”.
Rəşad Baba