İşgəncələrə Qarşı Azərbaycan Komitəsində baş verən qalmaqal böyüyür. Elşad HəmidovModern.az saytına özünü yeni sədr kimi təqdim etdikdən sonra komitənin mərhum sədri Elçin Behbudovun həyat yoldaşı Elmira Behbudova əməkdaşımızla əlaqə saxlayaraq, onun dediklərini təkzib edib.
E.Behbudova bildirib ki, yazılı surətdə Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə müraciət edib:
“Elşad Həmidov özü dələduzdur. Sankt-Peterburqda 3-4 dəfə həbs edilib. O, Elçin müəllimin vaxtında adi üzv olub, hazırda isə üzvlük müddəti bitib. O sədrlik üçün saxta sənədlər toplayaraq, Ədliyyə Nazirliyinə vermişdi.
Elşad Həmidov komitə yaranandan 2 il sonra orda çalışmağa başlayıb. 3 il əvvəl də Elçin müəllim onu qovmuşdu. Sonra yalvarıb yenidən işə düzəlməyə çalışırdı.
Komitə üzvü olmayan insanları toplayaraq iclas keçirib və özünü komitə sədri elan edib. Bütün strukturlar onun saxtakar olduğunu bilir”.
E.Behbudova deyib ki, iş hazırda məhkəmədədir: “Komitənin İdarə Heyəti var. Onlar toplanıb və səs çoxluğu ilə dekabrın 18-də mən sədr seçilmişəm. Hazırda orda yığılan şəxslərin heç birinin komitəyə üzvlük barədə sənədi yoxdur. Komitənin möhürü, bütün sənədləri məndədir və Ədliyyə Nazirliyinə təqdim etmişəm. Həmin şəxs də saxta sənədlər toplayıb göndərib.
Baş idarədə bildirdilər ki, onun kimliyini araşdırmaq səlahiyyətləri yoxdur. Ona görə də iş məhkəmə yolu ilə araşdırılır. Fevralın 11-də məhkəmə oldu, Elşad Həmidov gəlmədi və məhkəmə ayın 25-nə təyin olundu. Əgər iş gedirsə, o necə sədr ola bilər?!”.
Elmira Behbudova həmçinin qeyd edib ki, E.Həmidovun məhkəmə qərarı olmadan özünü sədr adlandırması cinayətdir:
“Elçin müəllim başını yerə qoyan kimi yerinə göz diki. İndi də onun xanımı ilə davaya çıxıb. Elşad Həmidov heç vaxt komitə sədri ola bilməz. Çünki, o dəfələrlə həbs olunub və onun bütün sənədləri saxtadır. Bunu mən Elmira Behbudova sizə deyirəm. İctimaiyyəti ona inanmamağa çağırıram. Onun dedikləri ağ yalandır”.
***
“İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin yeni sədri Elmira Behbudova yox, Elşad Nəcməddin oğlu Həmidovdur”. Bu sözləri Modern.az saytına E.Həmidov özü deyib.
O, qeyd edib ki, 23 dekabr 2015-ci il tarixdən İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədridir. Qeyd edək ki, komitənin bundan əvvəlki mərhum sədri Elçin Behbudovun həyat yoldaşı Elmira Behbudova özünü Modern.az saytına yeni sədr kimi təqdim etmişdi.
Elşad Həmidov isə bildirib ki, sədr təyin olunması barədə komitə tərəfindən keçirilən iclasda qərar verilib:
“Dövlət nümayəndələrinin, tanınmış alimlərin iştirakı ilə iclas keçirilib və qərar verilib. Bu barədə Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinə, Penitensiar Xidmətə, Dövlət Təhlükəsizlik Komitəsinə, Səhiyyə Nazirliyinə də məlumat verilib”.
E.Həmidov deyir ki, İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin strukturunda müəyyən dəyişiklikdə edilib.
“Çalışıram ki, komitəyə sırf hüquqşünasları dəvət edim. Hazırda sənədləşmə işləri aparılır”.
Yeni sədr E.Həmidov əvvəlki sədr, mərhum E.Behbudovun 2010-cu ildən bəri heç bir Cəzaçəkmə Müəssisəsinə baş çəkmədiyini iddia edib:
“Komitə yaranandan mən orada çalışıram. Elçinlə birlikdə monitorinqlərdə iştirak etmişəm. Amma 2010-cu ildən Elçin Behbudov heç bir Cəzaçəkmə Müəssisəsində olmayıb. Mən onunla çörək kəsmişəm. Amma yoldaşı bəzi iddialar irəli sürür. Qeyd etmək istəyirəm ki, biz sivil dövlətdə yaşayırıq, monarxiya rejimində yox. O qadındır, hörmət edirəm və susuram. Allah Elçinə rəhmət eləsin, mən ona görə susuram. İstədikləri köməyi göstərməyə də hazıram”.
Elşad Nəcməddin oğlu Həmidov24 iyul 1967-ci il tarixdə Bakı şəhərində dünyaya gəlib.1991-ci ildə Plexanov adına Rusiya Dövlət İqtisad Universitetini iqtisadiyyatın analizi ixtisası üzrə fərqlənmə ilə bitirib. Universiteti bitirdikdən sonra əmək fəaliyyətinə dövlət qulluğunda başlayıb. Sonradan ixtisasını dəyişmək üçün Sank-Peterburq Dövlət Hüquq və Nəqliyyatda Prokurorluq Ali məktəbində göndərilib və oranı da bitirərək, uzun illər Rusiya Federasiyasında hüquq-mühafizə orqanlarında rəhbər vəzifələrdə çalışıb.
2007-ci ildən İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin üzvüdür. Mərhum Elçin Behbudovla bir yerdə respuplikanın müxtəlif yerlərində monitorinqlər keçirib və hesabatlar hazırlayıb.
Həmçinin 2010-cu ildə Respublika Ağsaqqallar Şurasının mərhum sədri akademik Budaq Budaqovun dəvətilə Şurada Baş hüquq-məsləhətçisi kimi də çalışıb.
Bildirir ki, 23 dekabr 2015-ci il tarixindən İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədridir.
Ailəlidir, iki övladı var.
Elşad Həmidov komitənin yeni strukturu barədə Modern.az-a aşağıdakı siyahını təqdim edib:
Komitənin təsisçisi-Pərviz Deystani, sədr-Elşad Həmidov, mətbuat katibi Telman Mirzəyev və üzvlər: Kəmalə Kərimova, Selcan Rəhimova…