BMT-dəki nümayəndəmiz Suriyadakı hadisələrə müdaxilənin əleyhinə çıxdı
Aqşin Mehdiyev: «Suriyanın hər hansı daxili işlərinə müdaxiləyə ehtiyac yoxdur»
Rahim Hacıyev: “Azərbaycanda da avtoritar rejim olduğundan, iqtidarın Suriya məsələsində bu cür mövqe tutması təəccüblü deyil”
“Biz hesab edirik ki, hazırda Suriyanın hər hansı daxili işlərinə müdaxiləyə ehtiyac yoxdur”. Bu sözləri Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyev ITAR-TASS-a açıqlamasında bildirib. Onun sözlərinə görə, Azərbaycan TŞ-də baş verən bütün proseslərdə, qərarların qəbulunda, komitələrin və işçi qruplarının işində fəal iştirak etməyi planlaşdırır. Dünən BMT-nin Təhlükəsizlik Şurası (TŞ) yenilənmiş heyətlə 2012-ci ildə ilk iclasını keçirib. Bu üzdən yanvarın 1-də Azərbaycan, Qvatemala, Mərakeş, Pakistan və Toqo BMT TŞ-nin qeyri-daimi üzvü kimi səlahiyyətlərinin icrasına başlayıblar. Həmin ölkələr bu təşkilata ötən ilin oktyabrında Baş Assambleyada keçirilən seçkilər zamanı 2 il müddətinə seçiliblər.
Suriyadakı hadisələrə toxunan A.Mehdiyev deyib ki, Bakının bu məsələdə kifayət qədər dəqiq baxışı var: “Ilk növbədə, biz Ərəb Dövlətləri Liqasının bu istiqamətdəki fəaliyyətini dəstəkləyirik”.
A.Mehdiyev qeyd edib ki, tərəflər qarşıdurmanı daha da dərinləşdirə biləcək hərəkətlərdən çəkinməlidir: “Biz hesab edirik ki, hazırda Suriyanın hər hansı daxili işlərinə müdaxiləyə ehtiyac yoxdur. Insanlara imkan vermək lazımdır ki, onlar məsələləri gərginliyin artmasından çəkinməklə özləri həll etsinlər”.
Fələstinin BMT-yə mümkün üzvlüyünə toxunan səfir xatırladıb ki, Azərbaycan artıq Fələstin dövlətini tanıyıb. Üstəlik, Bakıda Fələstin səfirliyi açılıb: “Düşünürəm ki, biz bu mövqedən çıxış edəcəyik”.
A.Mehdiyev deyib ki, Azərbaycanın BMT TŞ-nin gündəliyindəki bir çox məsələlər üzrə öz mövqeyi var: “Nə vaxtsa bizim mövqeyimiz digər ölkələrin mövqeyi ilə uyğun gəlirsə, bu, çox yaxşıdır. Uyğun gəlmirsə, o zaman bizim öz prinsiplərimiz var və biz onlardan geri çəkilmək niyyətində deyilik”.
A.Mehdiyev bəyan edib ki, rəsmi Bakı Ermənistan-Azərbaycan münaqişəsi üzrə TŞ-nin qətnamələrinin yerinə yetirilməsinin vacibliyində təkid edib və edəcək. O, ümid etdiyini bildirib ki, Azərbaycanın beynəlxalq arenada nüfuzunun artması və onun TŞ-də üzvlüyü münaqişənin nizamlanması prosesində müsbət rol oynaya bilər.
Siyasi ekspert Rahim Hacıyev bildirdi ki, Azərbaycanın BMT-nin qeyri-daimi üzvü seçilməsi ölkənin xarici siyasət kursunun həyata keçirilməsində müəyyən üstünlüklər verə bilərdi. Amma Azərbaycanın xarici siyasət vektorundan xəbəri olanlar gözəl bilirlər ki, iqtidar bu imkandan dövlətin maraq və mənafeləri üçün istifadə etməyəcək: “BMT-dəki bu üzvlük Azərbaycana böyük üstünlüklər verməsə də müəyyən dvidendlər gətirə bilərdi. Burada ilk olaraq Qarabağ problemi ilə bağlı müəyyən təşəbbüslərin reallaşdırılmasında bu faktorun rolu ola bilər. Amma Azərbaycan nümayəndəsinin çıxışı göstərir ki, ənənəvi siyasət davam etdirilir. Azərbaycanda avtoritar rejimin qorunub saxlanılması üçün zəruri olan addımlar BMT-nin qeyri-daimi statusunun alınmasından sonra da davam edəcək. Uzun illərdir Azərbaycan hakimiyyəti başqalarını işlərinə qarışmaqda ittiham edir. Amma bu, əsassız fikirdir. Çünki Azərbaycan çoxlu sayda beynəlxalq öhdəliklər üzərinə götürüb. Ona görə beynəlxalq təşkilatların Azərbaycandan bu öhdəlikləri yerinə yetirməsini tələb etməsi təbiidir”.
R.Hacıyevin sözlərinə görə, necə Azərbaycan başqalarından Qarabağla bağlı beynəlxalq hüquq normalarına uyğun addım atmasını tələb etdiyi kimi, beynəlxalq birlik də rəsmi Bakıdan üzərinə götürülən öhdəliklərin yerinə yetirilməsini tələb etməkdə haqlıdır. Azərbaycanın Suriya məsələsində bu cür mövqe tutmasının qətiyyən təəccüblü olmadığını deyən ekspert vurğuladı ki, Azərbaycan hakimiyyəti ənənəvi olaraq avtoritar rejimlərlə yaxşı münasibətdədir. Çünki Azərbaycanda da avtoritar rejim mövcuddur: “Aylardır öz hüquqları uğrunda mübarizə aparan minlərlə suriyalının bir tayfaya, bir ailəyə qarşı çıxması tamamilə başa düşüləndir. Necə Azərbaycan hakimiyyətinin Əsədi müdafiə etməsi anlaşılandır. Bütün bunları nəzərə alaraq bizi son dərəcə narahat edən məsələ odur ki, Azərbaycanın Qərb dünyasına yox, avtoritar rejimlərə dəstək verməsi ölkənin imicinə neqativ təsir edəcək”.
Xəyal