İnternetə qarşı intranet yaradılır
Osman Gündüz: “Iran ən konservativ, mürtəce yolu seçib”
Iran dünya ilə internet əlaqəsini kəsməyə hazırlaşır. Artıq bu ölkədə “intranet” adlı milli internet fəaliyyətə başlayacaq və vətəndaşlara yalnız ölkə daxilində intranetdən istifadəyə icazə veriləcək. Bununla da Iranın dünya ilə internet əlaqəsi kəsiləcək. Bu vaxta qədər Iran hakimiyyəti ölkədə internetdən istifadəyə məhdudiyyətlər yaratmağa cəhd edirdi.
Hətta internetin sürətini azaldaraq informasiyaların göndərilməsinə mane olurdu. Eyni zamanda sosial şəbəkələrə də giriş məhdudlaşdırılırdı. Lakin Tehranın son addımı bütün bunlardan daha betərdi. Iranın bu addımı digər avtoritar ölkələr üçün nümunə ola bilərmi? Eyni zamanda bu məhdudiyyətdən çıxış yolu tapmaq mümkün olacaqmı?
Azərbaycan Internet Forumunun prezidenti Osman Gündüz “intranet”in hər hansı nöqtədən internetə məhdudiyyət qoymaq imkanı olan daxili şəbəkə olduğunu bildirdi. Bu halda artıq ölkəyə bütün trafik bir nöqtədən daxil olacaq. Bu zaman interneti tam nəzarətdə saxlamaq mümkün olacaq.
Ekspertin sözlərinə görə, ölkəyə daxil olan informasiya çeşidlənəcək. Hətta bəzi saytlar ümumiyyətlə, açılmaya bilər.
O.Gündüz bəzi ölkələrdə internetə məhdudiyyət qoyulduğunu desə də, “intranet” istifadə olunmadığını vurğuladı: “Elə ölkələr var ki, orda internetə bəzi məhdudiyyətlər qoyulub. Məsələn, Çini göstərmək olar. Bu ölkədə internet filtrasiya olunur. Bəzi ölkələrdə konkret saytlara girişin qarşısı alınıb. Ancaq Iran ən konservativ, ən mürtəce, antidemokratik yolu seçib. Heç bir ölkədə daxili internet şəbəkəsi yaradılmayıb. Çünki internetin məhdudlaşdırılması insanların informasiya almaq hüququnu məhdudlaşdırmaqdır”.
Fizzə