Restoranda şənliyi vaya çevirən «Vinzavod»un direktorunun oğludur
Bakının məşhur “Neolit” restoranında baş verən qanlı insidentlə bağlı maraqlı məlumatlar əldə etmişik. Oxucuların diqqətinə çatdıraq ki, yanvarın 2-də gecə saatlarında “Neolit”də keçirilən şənlik zamanı sərxoş vəziyyətdə olan 40 yaşlı Şahin Rabil oğlu Hüseynov restorana daxil olaraq odlu silahdan atəş açıb. Nəticədə içəridə olan qonaqlardan 28 yaşlı Fəxrəddin Tağıyev və 39 yaşlı Ceyhun adlı şəxs xəsarət alıblar.
Şahin Hüseynov Nizami rayon Polis Idarəsinin 25-ci polis bölməsi əməkdaşları tərəfindən saxlanılıb. O, ilkin dindirmə zamanı bildirib ki, atası Rabil bir müddət əvvəl “Neolit”in şəriki olub. Sonradan şəriklər arasında narazılıq olduğundan onlar ayrılıblar. Baş verən hadisəyə də elə həmin narazılıq səbəb olub.
Faktla bağlı Nizami rayon Polis Idarəsinin istintaq şöbəsində cinayət işi başlanıb, istintaq aparılır.
Əldə etdiyimiz məlumata görə, Şahin Hüsyenovun atası Rabil Hüseynov “Bakı Şərab-2″ ASC-nin (”Vinzavod”) Idarə Heyətinin sədridir. Lakin ASC-nin idarəetməsini Kamran adlı kürəkəninə tapşırıb. Bir vaxtlar prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubova yaxın olduğu bildirilən Rabil Hüsyenovun indi fövqəladə hallar naziri Kəmaləddin Heydərovla işbirliyində olduğu deyilir. Məlumatlara görə, indi “Vinzavod”da Kəmaləddin Heydərovun da payı var. Həmçinin “Metkartinq”in də Rabil Hüseynova məxsus olması barədə məlumatlar var. Onun oğlu Şahin Hüseynov isə bir müddət əvvəl Bakı Şəhər Prokurorluğunda çalışıb. 2005-ci ildə parlament seçkilərində deputat olmağa cəhd edib. Onun həmçinin icra başçısı olmaq üçün çabalar göstərdiyi bildirilir. Lakin hər iki cəhdi uğursuzqla nəticələnib. Şahin Hüsyenovun barəsində hansısa cinayət işinin olması da gələn xəbərlər sırasındadır.
Hadisənin səbəbinə gəlincə, Şahin Hüsyenovun bu barədə söylədikləri redaksiyamıza daxil olan məlumatlarla üst-üstə düşür. Doğrudan da bir vaxtlar Rabil Hüsyenov da “Neolit”in sahiblərindən olub. Restoranın Yaşar adlı şəxslə şərikli işlədib. Lakin sonradan restoran tam olaraq onun əlindən çıxıb. Bəzi məlumatlara görə, restoran iş adamı Mübariz Mənsimova satılıb.
Informasiya şöbəsi