Samir Şərifov: «Dörd il üçün ciddi qənaət rejimini təmin edəcək tarazlaşdırılmış gəlir və xərclər smetası hazırlanmalıdır»
Nemət Əliyev: «Hökumətin sürəti ilə dörd ilə yox, heç on dörd ilə də nəsə etmək mümkün deyil»
Hökumətin ölkəni bürüməkdə olan böhrandan çıxmaq üçün ciddi islahatlara getmək fikrində olmadığı bir daha təsdiqləndi. Bunu Ilham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin yekunlarına həsr olunan iclasda maliyyə naziri Samir Şərifovun açıqlaması da təsdiq edir. S.Şərifov bildirib ki, neftin ucuzlaşmasının davam etməsi, həmçinin Mərkəzi Bank tərəfindən yeni məzənnə siyasətinə keçid 2016-cı il üçün təsdiq olunmuş dövlət büdcəsində bir sıra dəyişikliklərin edilməsini şərtləndirir.
Nazirin sözlərinə görə, bu dəyişikliklər icmal və dövlət büdcəsi gəlirlərinin yeni şəraitə uyğunlaşması, son illər aparılmış büdcə yığcamlaşdırılması siyasətini davam etməklə büdcə xərclərinin səmərəliliyinin artırırılması, valyuta ehtiyatlarına qənaət edilməsi, qeyri-neft sektorunun və sahibkarlığın inkişafına əlavə təkan verilməsi kimi hədəfləri güdməlidir.
Şərifov əlavə edib ki, ölkə daxilində və xaricində investisiya qoyuluşu xərcləri də nəzərə alınmaqla 2016-cı və sonrakı 3 il üçün ciddi qənaət rejimini təmin edəcək tarazlaşdırılmış gəlir və xərclər smetası hazırlanmalıdır: “Dövlət vəsaitlərindən qənaətlə istifadə edilməklə nizam-intizam gücləndirilməli, israfçılığa, izafi xərclərə yol verilməməli, həmçinin dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi, dövlət mülkiyyətində olan şirkətlərdə islahatların aparılması, dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesinə əlavə təkan verilməsi, bank sisteminin köklü şəkildə konsolidasiyası və ona olan etimadın artırılması kimi məsələlərin həllinə nail olunmalıdır”.
Bu açıqlama hökumətin ondan tələb olunan zəruri addımları atmaq yerinə, ağırlığı sadə vətəndaşın üzərinə düşəcək qənaət rejiminə keçmək niyyətini açıqlayıb.
Iqtisadçı Nemət Əliyevin fikrincə, bu onun anonsudur ki, baş verən fəlakətin miqyası kifayət qədər genişdir. N.Əliyevin sözlərinə görə, hələ hökumətə 4 il zaman lazımdır ki, ölkə iqtisadiyyatına dəymiş ziyanın nəticələrini aradan qaldıra bilsin: “Hökumətin bu astagəlliyi onu deməyə əsas verir ki, bu müddət də kifayət deyil. Hökumətin sürəti ilə dörd ilə yox, heç on dörd ilə də nəsə etmək mümkün deyil. Axı, necə ola bilər Azərbaycana 120 milyard dollar neft pulu axın edib. Iqtisadiyyatın inkişafına 80 milyarddan çox vəsait qoyulub. Amma ölkə iqtisadiyyatı hazırda qiymət artımı üzündən dağılır. Iş yerləri itirilir, əmək haqları kəskin şəkildə azalır. Bahalaşma bütün bazarı başına alıb. Bu hökumətin indiyə qədər olan dövrdə rəqabətə tab gətirə biləcək iqtisadi sistem qurmaq üçün yetərincə vaxtı var idi. Amma hökumət qarşısında duran məqsədlərə nail ola bilmədi. Düşünmürəm ki, bundan sonra dörd il müddətində bu çətinliklərin öhdəsindən gəlmək mümkün olsun”. N.Əliyevin sözlərinə görə, daxildə baş vermiş bahalaşma nəticəsində hökumətin üzərinə düşən öhdəliklərin yerinə yetirilməsi istiqamətində çox ciddi problem yaranıb. Beynəlxalq fəaliyyətin təmin edilməsi, xarici borcla bağlı öhdəliyin normal icrası ilə bağlı ciddi çətinliklərin yarana biləcəyini deyən N.Əliyev bildirdi ki, bütün bu öhdəlikləri icra etmək üçün büdcədə 1.4 milyard həcmində manat kütləsi tələb olunur: “Neftin qiymətinin 30 dollara düşdüyü bir məqamda bahalaşma daha sürətli templə gedəcək. Bu zaman isə büdcədə nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi istiqamətində ciddi problem yaşanacaq. Əhalinin sosial vəziyyəti hədsiz dərəcədə ağırlaşacaq. Təəssüflər olsun ki, hökumət də yaranmış bu vəziyyətə hazır deyil. Hökumətin davranışları bunu deməyə əsas verir”.
Xəyal