Polis Anar Mahmudoğlunun ailəsini hədələyən şəxsi tapmaq əvəzinə ərazi davası aparır
“Azadlıq”ın köşə yazarı Anar Mahmudoğlunun ailəsinin ölümlə hədələnməsi faktı ört-basdır edilir. Köşə yazarının müraciəti əsasında Nərimanov rayon Polis Idarəsinin 18-ci polis bölməsində ilkin araşdırma aparılsa və istintaq müəyyən nəticələrə gəlsə də, naməlum zəngin edildiyi taksafonun (“Nərimanov” kinoteatrının yanı) 17-ci polis bölməsinin ərazisində yerləşdiyi əsas gətirələrək iş bu bölməyə göndərilib.
“Azadlıq”ın Təhqiqat Qrupunun(ATQ) araşdırmasına görə, dekabrın 7-də 18-ci bölmənin baş təhqiqatçısı Kənan Orucov işi 17-ci bölməyə göndərib. Və şikayətçiyə bu barədə bildiriş təqdim olunub. Dekabrın 8-də ATQ-nin araşdırıcıları 17-ci polis bölməsində olublar. Onlara deyilib ki, iş hələ bölməyə daxil olmayıb. Yaxın 10 gün müddətində iş daxil olandan və təhqiqatçı ayrılandan sonra şikayətçiyə məlumat veriləcək. ATQ-nin bölmədə təhqiqatçılarla apardığı söhbət əsnasında isə bildirilib ki, 18-ci bölmə araşdırmanı sona çatdırmaq əvəzinə, məsuliyyətdən qaçmaq üçün materialı başqa bölməyə göndərib. Halbuki qanunvericiliyə görə onlar şübhəli şəxsi artıq yaxalamalı idilər: “Indi biz qəbul etdiyimiz işi təkrar onlara göndərərik və onlar səhvlərini anlayarlar”.
18-ci bölmədən isə bildirilib ki, yanlışlığı 17-ci bölmə edir, nlar bizə göndərərlərsə, qanunvericiliyi pozmuş olacaqlar. Bu halda biz yenidən işi onlara göndərəcəyik.
Beləliklə, görünən odur ki, polis Anar Mahmudoğlunun ailəsinin hədələnməsi faktınıa araşdırmaqda maraqlı deyil.
Anar Mahmudoğlunun özü də belə düşünür. Köşə yazarımız “Azadlıq”a açıqlamasında deyib ki, polisin ötür-ötür oyununu başqa cür qiymətləndirmək mümkün deyil: “Dekabrın 6-da, hadisənin baş verdiyi gün 18-ci bölmənin əməkdaşları operativ işləmişdilər. Ilk baxışda onların qısa müddətdə cinayətin üçtünü açacaqlarına inanmışdıq. Hər halda polislər səmimi görünürdülər. Lakin təhqiqat işində bu gün baş verənlər artıq belə düşünməyə əsas verir ki, polisə müəyyənləşdirdiyi faktı açıqlamaq niyyətində deyil. Və təbii ki, haqlı olaraq belə qənaət yaranır ki, polisin bu ”məxfiliyi” xüsusi sifarişin nəticəsidir. Uzun müddətdən sonra belə bir rəy yaranmışdı ki, nəhayət jurnalistlərə qarşı baş verən cinayətlərin heç olmasa birinin üstü açılacaq. Ancaq hüquq-mühafizə orqanları “ənənələrinə” sadiq qaldılar”.
“Azadlıq”ın Təhqiqat Qrupu araşdırmalarını davam etdirir. Artıq “ip ucları” da var. Dəqiqləşdirmələr apardıqdan sonra növbəti saylaramızda məlumat verəcəyik.
“Azadlıq”ın Təhqiqat Qrupu