“Azadlıq” radiosunun ingilis redaksiyası eks-spikerin şanslarını dəyərləndirdi
“O, hakimiyyətin alternativi halına gələn İctimai Palatadan kənarda fəaliyyətə keçmək niyyətindədir. Ancaq onun uğur qazanmaq şansı minimuma bərabərdir”
Açıq Cəmiyyət Partiyasının lideri, parlamentin eks spikeri, hazırda ABŞ-da mühacir həyatı yaşayan Rəsul Quliyevin bir neçə gün əvvəl xalqa müraciəti və yeni müqavimət hərakatı yaratmasıyla bağlı açıqlamaları haqda “Azadlıq” radiosunun ingilis dilli versiyasında analitik məqalə yayımlanıb.
Məqalədə Heydər Əliyevin hakimiyyəti illərində Rəsul Quliyevin parlamentin spikeri postunu tutması, hakimiyyətə qarşı mövqeyinə görə barəsində cinayət işi açılması və s. faktlar sadalanıb. Analitik məqalədə qeyd olunur ki, ABŞ-da mühacir həyatı yaşayan eks spiker yenidən Azərbaycan siyasətinə təsir etmək imkanına sahib olmağa çalışır.
“Quliyevin son addımları göstərir ki, eks spiker təkbaşına güc olmağa çalışır. O, bir il əvvəl müxalif qüvvələr tərəfindən formalaşdırılan və hakimiyyətin alternativi halına gələn Ictimai Palatadan kənarda fəaliyyətə keçmək niyyətindədir. Ancaq onun uğur qazanmaq şansı minimuma bərabərdir. Birincisi, o, Azərbaycanda deyil. Quliyevin 15 il öncə ölkəni tərk etməsindən sonra həmin illərdə yaşı az olanlar artıq səsvermə hüququ qazanıblar. Internet və sosial şəbəkələrin mühüm rol oynamasına baxmayaraq, eks spikerin yeni nəsli öz ətrafında birləşdirmək imkanları da minimum səviyyədədir. Ikincisi, onun maliyyə vəziyyəti yetərli deyil. Nəhayət, Azərbaycanın aparıcı müxalifət partiyalarından heç biri Quliyevin təklifini nəzərdən keçirməyə cəhd göstərməyib, bunda maraqlı görünmürlər. Hətta bəziləri onu 2005-ci ilin oktyabr uğursuzluğuna görə daha güvənli müttəfiq qismində görmürlər”, – deyə məqalədə vurğulanır.
Informasiya şöbəsi