Suriya hakimiyyətinin təklifi qəbul olunmadı
Ərəb Ölkələri Liqası müşahidəçilərin Suriyaya göndərilməsinə müsbət yanaşan, ancaq bunun üçün şərtlər irəli sürən Əsəd rejiminin təklifini rədd edib. “Əl Ərəbiyyə” kanalının xəbərinə görə, Ərəb Liqası baş katibi Nəbil Əl Ərəbi Suriyanın qurumun təklifinə müsbət cavab verməsinin Əsəd rejiminə qarşı planlaşdırılan sanksiyaların aradan qaldırılmasına təsir etməyəcəyini söyləyib.
Suriya hökumətindən məktub aldığını təsdiqləyən Əl Ərəbi rəsmi Dəməşqin təşkilat qarşısında yeni tələblər qoyduğunu deyib. Baş katib Ərəb ölkələri xarici işlər nazirlərilə təmasa keçdiklərini və nazirləri məktubdan xəbərdar etdiklərini də vurğulayıb.
Əlavə edək ki, Əsəd rejimi müşahidəçilərlə bağlı protokolun Dəməşqdə imzalanmasını, protokolun imzalanacağı təqdirdə Suriyanın Ərəb Liqasına üzvlüyünün bərpasını və bu ölkəyə qarşı sanksiyaların dayandırılmasını şərt kimi irəli sürmüşdü.
Klinton Əsəd əleyhdarlarıyla görüşəcək
Bu arada ABŞ dövlət katibi Hillari Klintonun İsveçrənin Cenevrə şəhərində suriyalı müxaliflərlə görüşəcəyinə dair xəbərlər yayılıb. ABŞ Dövlət Departamentinin rəsmisi Klintonun insan hüquqları mövzusunda çıxış etmək üçün gedəcəyi Cenevrə şəhərində Suriya müxalifətinin 7 nümayəndəsiylə görüşəcəyini bildirib. Klintonun daha əvvəl də suriyalı müxaliflərlə görüşdüyünü deyən rəsmi görüş haqqında ətraflı məlumat verməyib.
Ərəb gənclər Əsədin getməsinə səs verdi
Ərəb dünyasının azad səsi kimi tanınan “Doha Debates” müzakirə paneli Qatarda təşkil edilən toplantıda “Əsəd getməlidir?” sualını müzakirəyə çıxarıb. Dünyanın dörd bir tərəfindən tanınmış simaların qatıldığı paneldə suriyalı siyasətçilər Obeyda Nahas, Əmilə Hokayem, Əmmar Vaqqaf və Kamil Vazne məruzəçi kimi iştirak ediblər. Suriya hakimiyyətini yüzlərlə vətəndaşın ölümündə günahlandıran Obeyda Nahas Əsəd hökumətinin istefa zamanı gəldiyini bildirib.
Bəşər Əsədin 11 illik dövlət başçılığı dövründə dəyişiklik istiqamətində heç bir ümid görmədiklərini deyən panel iştirakçıları təxminən 90 dəqiqə davam edən müzakirələr nəticəsində Əsədin hakimiyyətən getməli olduğu haqda qərar çıxarıb. “Doha Debates” müzakirə panelinin tarixində ən yüksək səslə iştirakçıların 91 faizi Bəşər Əsədi istəmədiklərini bəyan ediblər.
Dünyanın bir çox ölkəsi tərəfindən terrorçu təşkilat kimi tanınan “Hizbullah”ın lideri Şeyx Həsən Nəsrullah İsrailin ölüm təhdidlərinə baxmayaraq 2008-ci ildən bu yana ilk dəfə, Aşura günündə minlərlə adamın qarşısına çıxıb. Livanda çıxış edən Nəsrullah Suriyadakı hadisələrə toxunub. “Hizbullah” lideri bu ölkədə baş verənlərin dialoq yolu ilə çözülməli olduğunu söyləyərək, Suriya hakimiyyətinə qarşı tətbiq olunan sanksiyaları da tənqid edib.
Böyük Britaniyanın “Sky News” kanalı Suriyanın Hums şəhərində çəkiliş aparmağa müvəffəq olub. Hums mart ayında Əsəd əleyhinə etiraz aksiyaları başlayandan bəri ən çox zorakılıq hallarının qeydə alındığı şəhərdir. Kanalın lentə aldığı kadrlarda şəhər sakinlərinin əsl müharibə şəraitində yaşadığını üzə çıxarıb. Kadrlardan görünür ki, insanlar snayper gülləsinə tuş gəlsələr də, öz tələblərini dilə gətirmək üçün küçələrə çıxmaqdan imtina etmirlər. Şəhər sakinləri evlərində elektrik enerjisinin olmadığını, ərzaq qıtlığının yaşandığı bildirir və dünya ictimaiyyətindən Suriyanın uçuşa qadağan zona elan olunmasını tələb edirlər.
Rusiya isə Şimal Hərbi Donanmasına aid gəmilər Suriyanın Tartus limanına doğru yol alıb. Bu barədə “İtar Tass” agentliyinə Şimal Donanmasının rəsmisi Vadim Serq deyib. Onun sözlərinə görə, “Admiral Kuzneçov”, “Amdiral Çabanenko”, “Nikolay Çiker”, “Serqey Osipov” və “Kama” adlı tanker və hərbi gəmilər yaxın günlərdə Suriya sahillərinə çatacaq.
Yayılan məlumatlara görə, hərbi gəmilərin Suriya limanlarında göndərilməsində məqsəd yaxın günlərdə keçirilməsi nəzərdə tutulan Suriya-Rusiya hərbi təlimlərində iştirakla bağlıdır. Rəsmi Dəməşq hərbu təlimlərin keçiriləcəyiylə bağlı məlumatları təsdiqləyib.
İnformasiya şöbəsi