Haaqa Tribunalında Loren Qbaqbonun mühakiməsi üzrə hazırlıq iclası keçirilib
Fil Dişi Sahilinin (Kot Di Uvar) keçmiş rəhbəri Loren Qbaqbo Hollandiyanın Haaqa şəhərindəki Beynəlxalq Cinayət Məhkəməsində hakim qarşısına çıxıb. Aralarında təcavüzun də olduğu insanlığa qarşı dörd ayrı cinayətdə günahlandırılan Qbaqbonun açıq keçirilən məhkəmə prosesində sakit olduğu müşahidə edilib.
Qbaqbo 25 dəqiqə davam edən məhkəmə hazırlıq iclasında hakimlərə ittihamları üzünə oxumalarına ehtiyac olmadığını söyləyib. Əlavə edək ki, Loren Qbaqbo yən həftə Haaqa məhkəməsinə təslim edilmişdi.
Xatırladaq ki, Loren Qbaqbo 2010-cu ilin noyabrında keçirilən prezident seçkilərindən sonra yaşanan və ölkəni vətəndaş müharibəsinin astanasında gətirən qarşıdurmaları qızışdırmaqda, təcavüz, işgəncə və qeyri-insanı hərəkətlərdə olmaqla günahlandırılır.
Ölkədə yaşanan qarşıdurma zamanı ən azı 3000 adam həlak olub, 520 nəfər isə qanunsuz həbsə məruz qalıb. Qbaqbo 2002-ci ildə qurulan Beynəlxalq Cinayət Məhkəməsində mühakimə olunan ilk keçmiş ölkə başçısı kimi tarixə düşəcək.