FHN-in 50 əsgəri hərbi hissədə işgəncəyə məruz qaldığına görə zərərçəkmiş kimi məhkəməyə cəlb olunub
Mərhum əsgər Tapdıq Babaşovun yaxınları işin ört-basdır edilməsindən ehtiyatlanır
BDU-nun tarix fakültəsinin qırmızı diplomlu məzunu, cəmi bir ayın əsgəri olmuş və Fövqəladə Hallar Nazirliyinin Biləcəridəki hərbi hissəsində müəmmalı şəkildə dünyasını dəyişmiş Tapdıq Babaşovun ölümü ilə bağlı məhkəmə prosesi başlayıb. Amma deyəsən, bu iş üzrə məhkəmə ictimaiyyətin “gözündən-qulağından uzaq” şəkildə keçirmək planlaşdırılır. Hər halda, Bakı Hərbi Məhkəməsində baş verənlər belə deməyə əsas verir.
Dünən adıçəkilən məhkəmədə bu cinayət işi üzrə hazırlıq iclası keçirilib. Amma məhkəmə iclasına nəinki jurnalistlər, vətəndaş cəmiyyətinin nümayəndələri, heç mərhum Tapdıq Babaşovun yaxınları da buraxılmayıb.
Bu cinayət işi üzrə üç nəfər – Cəmil Ağayev, Elməddin Babayev və Ruslan Cavadov məhkəmə qarşısına çıxarılıb. Onlar da elə hadisə baş verən hərbi hissənin əsgərləridir. Adları çəkilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma), 331-ci (hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə) və 332-ci (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddələrilə ittiham irəli sürülüb.
Cinayət işinin materiallarına görə, təqsirləndirilən şəxslər hərbi hissədə əsgərləri döyüblər, onlara işgəncə veriblər. Yeri gəlmişkən, bu cinayət işi üzrə mərhum Tapdıq Babaşovun anası Kifayət Babaşova ilə yanaşı, Fövqəladə Hallar Nazirliyinin daha 50 əsgəri də zərərçəkmiş qismində tanınıb.
Bakı Hərbi Məhkəməsində bu iş Müslüm Əliyevin sədrlik etdiyi hakimlər kollegiyasının icraatındadır. Elə hazırlıq iclasından mərhumun yaxınlarında məhkəmənin obyektiv və ədalətli keçiriləcəyinə şübhə yaranıb. Çünki açıq məhkəmə prosesi faktiki qapalı şəraitdə keçirilib. Məhkəmə iclasına təqsirləndirilən şəxslər və onların vəkilləri, zərərçəkmiş Kifayət Babaşovanın hüquqlarını müdafiə edən vəkil Hüseyn Həsənov və bir də Fövqəladə Hallar Nazirliyinin əsgərlərindən başqa heç kim buraxılmayıb.
Məhkəmə tərkibinə daxil olan hakimlərdən biri əvvəlcə media nümayəndələri və vətəndaş cəmiyyətinin təmsilçilərinə deyib ki, “onsuz da hazırlıq iclasında işin mahiyyəti araşdırılmır, əgər məhkəmənin açıq keçirilməsinə qərar verilsə, növbəti iclaslarda iştirak edə bilərlər”. Lakin prosesi izləmək istəyən jurnalistlər, vətəndaş cəmiyyəti nümayəndələri, mərhum Tapdıq Babaşovun qohumları buna etiraz ediblər. Bildiriblər ki, istənilən halda, məhkəmənin hazırlıq iclası qapalı keçirilə bilməz və onlar mütləq prosesi izləmək istəyirlər.
Bundan sonra növbəti bəhanə meydana çıxıb. Bildirilib ki, bütün yerlərdə Fövqəladə Hallar Nazirliyinin zərərçəkmiş əsgərləri əyləşib, əlavə yer də yoxdur.
Məhkəmədən sonra zərərçəkmiş Kifayət Babaşovanın hüquqlarını müdafiə edən vəkil Hüseyn Həsənov jurnalistlərə açıqlamasında bildirib ki, hazırlıq iclasında onun qaldırdığı vəsatətlər müzakirə olunub. İbtidai istintaq zamanı verilən ekspert rəyləri arasında ziddiyyətlər olduğunu deyən vəkil təkrar ekspertizalar təyin olunması, içində iş üçün əhəmiyyətli görüntülər olan diskin mərhumun anasına verilməsi, həmçinin Cinayət Məcəlləsinin 125-ci maddəsilə ittiham üzrə icraatın dayandırılmasını istəyib. Vəkil qeyd edib ki, Tapdıq Babaşovun ölümündə intihardan söhbət gedə bilməz, bu səbəbdən də CM-nin 125-ci maddəsilə ittihama xitam verilməlidir.
Məhkəmə vəsatətləri təmin etməyib, bildirilib ki, prosesin gedişində onlara yenidən baxılıb qiymət veriləcək.
Vəkilin sözlərinə görə, təqsirləndirilən şəxslərin heç biri ittihamları qəbul etməyib. Onlar özlərini təqsirli bilmədiklərini deyiblər.
Açıq məhkəmə prosesinin faktiki qapalı şəraitdə keçməsi mərhumun yaxınlarında məhkəmənin də ibtidai istintaq kimi obyektiv keçirilməyəcəyi, Tapdıq Babaşovun ölümünün elə intihar kimi də qələmə verilib hökm çıxarılacağına dair şübhələri artırıb. Qeyd edək ki, mərhumun yaxınları Tapdıq Babaşovun ölümünün intihar yox, qətl olduğunu düşünür.
Mərhum Tapdıq Babaşovun xalası oğlu, məhkəmə prosesini izləməyə gəlsə də, zala buraxılmayan Rüfət Hacıbəyli deyir ki, prosesi ictimaiyyətdən gizli keçirməklə işin ört-basdır ediləcəyindən narahatdılar: “Zalı Fövqəladə Hallar Nazirliyinin əsgərlərilə doldurub, başqalarını kənarda qoymaq artıq müəyyən niyyətlərdən xəbər verir. Məhkəməyə buraxılmamağımız işə obyektiv, ədalətli baxılmayacağına bizdə indidən şübhə yaradır. Görünür, hətta zərərçəkmiş tərəfin qohumlarını, curnalistləri, vətəndaş cəmiyyətinin nümayəndələrini buraxmamaqla prosesi qapalı və sakit şəraitdə keçirib, öz istədikləri kimi də başa vurmaq istəyirlər”.
Xatırladaq ki, evin yeganə oğlu olan Tapdıq Babaşov bu il mayın 22-də Biləcəridəki N saylı hərbi hissədə naməlum şəraitdə dünyasını dəyişib. Cinayət işinin materiallarına görə, əsgər özünü hərbi hissənin üçüncü mərtəbəsindən ataraq intihar edib. Mərhumun yaxınları isə hesab edir ki, Tapdıq Babaşov döyülərək öldürülüb, cinayətin üstünü ört-basdır eləmək üçün sonradan onu üçüncü mərtəbədən atıblar.
Bu iş üzrə məhkəmə prosesi dekabrın 28-də davam edəcək.
Aytən Məmmədova