Niyə ölkə vətəndaşları terror təşkilatlarına qoşulur?
Hakimiyyətin bütün diqqəti şəxsi maraqların təmin olunmasına yönəlib. Ona görə də dövlətin milli təhlükəsizliyi başsız qalıb. Dəfələrlə ölkə vətəndaşlarının müxtəlif terror qruplaşmalarına qoşulması, Suriyada, IŞID-in tərkibində döyüşməsi haqqında məlumatlar yayılıb, müzakirələr aparılıb, hökumətin üzərinə düşən məsuliyyət xatırladılıb.
Amma hər dəfə adekvat olmayan reaksiyalar üzə çıxıb və bu təhlükəli tendensiyaya ciddi nəzarət olunmayıb. Bugünlərdə isə Türkiyə təhlükəsizlik qüvvələri əməliyyat keçirib və IŞID qruplaşmasına qoşulmaq üçün gələn 38 nəfər saxlanılıb. Məlum olub ki, saxlanılan şəxslərin 14-ü Azərbaycan vətəndaşıdır.
Deməli, hansısa qüvvələr Azərbaycanda ciddi iş aparır, təbliğat üçün yer tapır, gənclərin psixologiyasını pozur və nəticədə başkəsən yetişdirir. Aidiyyəti qurumlar isə bu halların əlində aciz qalır, bu boyda şəbəkəni zərərsizləşdirə bilmir.
Necə olur ki, hansısa müxalifətçinin atdığı addımı qarşı-qarşı izləyən, Nardaranda əməliyyat keçirən, heç bir cinayət əməli sübut olunmamış insanları terrorçu kimi həbs edən, təhlükəsizliyə görə məscidlərə kamera yerləşdirən hökumət, ölkəxaricində başkəsən kimi fəaliyyət göstərən vətəndaşlara sahib çıxa bilmir?
Bu gün terror təşkilatına qoşulub başkəsən, hansısa təbliğatın köləsinə çevrilən insan sabah öz ölkəsində də baş kəsər, terror törədər. Amma hökumətimiz başkəsənlərə qarşı tolerantlıq nümayiş etdirib, haqlı etiraz edənləri zərərsizləşdirir.
Ölkənin təhlükəsizlik orqanları nə işlə məşğuldur? Niyə Azərbaycan vətəndaşları IŞID sıralarında döyüşür? Əgər ölkə vətəndaşını asanlıqla zəhərləmək olursa, təhlükəsizlik qurumları nəyə lazımdır?
Əslində, baş verənlərə görə Qafqaz Müsəlmanları Idarəsi, Dini Qurumlar üzrə Dövlət Komitəsi də məsuliyyət daşıyır. Nardaran hadisələrində efirdən düşməyən, kəskin fətvalar verən həzaratlar bu məsələyə də münasibət bildirsinlər. Nardaran hadisələrində “dövlətçiliyə təhlükə var” deyib şüvən qoparanlar, vətəndaşın hansı zərurətdən IŞID-çiyə çevrildiyini də aydınlaşdırsın, hökumətdən məsuliyyət tələb etsin.
Bəli, dövlət üçün təhlükə gündə 5 dəfə məsciddə namaz qılan sadə vətəndaşdan yox, başkəsənə çevrilən vətəndaşdan gəlir.
Samir