ABŞ-ın “Hewlett Packard” (HP) şirkəti 2015-ci maliyyə ilinin dördüncü rübünün hesabatını açıqlayıb.
Oktyabrın 21-nə HP şirkətinin xalis mənfəəti 1,3 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövründəki rəqəmə uyğundur. Şirkətin bu müddət ərzində gəliri 9 faiz azalaraq 25,7 milyard dollar təşkil edib.
HP-nin satışının azalması stolüstü kompüterlərə tələbatın aşağı düşməsi ilə bağlıdır. Belə ki, “Gartner” şirkətinin məlumatına görə, bu ilin dördüncü təqvim rübündə bütün dünya üzrə stolüstü kompüterlərin satışı 7,7 faiz azalıb.
HP-nin desktop və noutbuklar istehsal edən bölməsi isə bu maliyyə rübünü 14 faiz azalma ilə başa vurub və 7,7 milyard dollar gəlir əldə edib.
Şirkətdən ayrılan “Hewlett Packard Enterprise” isə 14,1 milyard dollar gəlir əldə edib ki, bu da ötən illə müqayisədə 4 faiz azdır. Valyuta məzənnələrinin dəyişməsi nəzərə alınmasa, bu bölmənin satışları 3 faiz artıb.
Bu ilin avqust-oktyabr aylarında HP şirkətinin server, saxlanc disk və şəbəkə avadanlıqları satışına cavabdeh olan bölməsinin gəliri ötən illə müqayisədə 2 faiz artaraq 7,4 milyard dollar olub.
Konsaltinq və autsorsinq kimi İT xidmətlər bazarında isə şirkət 5 milyard dollar qazanıb. Bu, 2014-cü maliyyə ilin dördüncü rübünün dövrü ilə müqayisədə 9 faiz azdır. Şirkətin softver biznesinin həcmi isə 6,6 faiz azalıb.
Xatırladaq ki, bu ayın əvvəlində HP şirkəti iki şirkətə bölünüb. Onlardan biri printer və stolüstü kompüterlər istehsal edən “HP Inc”, digəri isə server avadanlıqları, İT xidmətlər göstərən “Hewlett Packard Enterprise” şirkətidir. (lent.az)