Cahit Kılıç hakimiyyət televiziyasının yalanlarına ağır cavab verdi
«Vicdanı zəncirlənmişlərin sonu da «Ərəb baharına» tutulanların sonu kimi olacaq»
Türkiyənin tanınmış yazarlarından Cahit Kılıçın Əliyevlər rejimini sərt tənqid edən məqalələri və bu məqalələrdən bir neçəsinin “Azadlıq” qəzetində dərc olunması Azərbaycan hakimiyyətini yerindən edib. Bu səbəbdən C.Kılıça və “Azadlıq” qəzetinə qarşı qarayaxmaya göstəriş verilib.
Hakim ailənin nəzarətində olan telekanal isə bir az da qabağa gedərək C.Kılıç adlı yazarın ümumiyyətlə olmadığı, bu ismi guya qəzetmizin uydurduğu haqda gülünc reportaj yayıb.
C.Kılıç 13 noyabr tarixli köşə yazısında (haberx.com saytında) bu məsələyə reaksiya verib, Türkiyənin “Ölkə” televiziyasına müsahibəsini də kimliyinin təsdiqi kimi yazısına əlavə edib. C.Kılıç Əliyevlərin nəzarətində olan telekanalın iddiasına belə cavab verib: “Biz araşdırdıq, Türkiyədə Cahit Kılıç deyə bir yazıçı yoxdur! ”Azadlıq” qəzeti Cahit Kılıç adında müəllif uydurub, öz düşüncələrini o ad altında yazır” deyə Azərbaycan xalqına yalan söylədilər. Sonra baxdılar ki, bu yalanı xalq qəbul etmir, yazılar yerində qalır və “Azadlıq” qəzeti internet saytında yazıların linklərini verir. Bu dəfə də “Bəli, belə bir ad varmış! Lakin biz onunla əlaqə saxladıq, ”Mənim bu yazılardan xəbərim yoxdur” – dedi” şəklində başqa bir yalanla inkar və quru təbliğat yolunu seçdilər. Ar damarları çatlamasaydı, diktatorlara şeypurçuluq etməzdilər…
Bunlar mənim həmsöhbətim deyillər və əsla ola bilməzlər. Ancaq hörmətlə qarşısında əyildiyim Azərbaycan xalqı üçün sübuta ehtiyac hiss etdim”.
Beləliklə, 11.11.2011 tarixində qonaq olduğu “Ölkə TV”dəki çıxışında C.Kılıç bunları deyib:
“Zəncirlənən vicdanlar!” adlı sözügedən köşə yazısında isə müəllif yenə od püskürüb. Yazının ən maraqlı hissələrini oxucularımıza təqdim edirik: “Bir ölkənin rəhbəri xalqı basqı və zülm altında idarə edirsə, ədalətdən uzaqdırsa, insan haqq və azadlıqlarını, beynəlxalq hüququ ayaqlar altına salıb çeynəyirsə, qayda-qanunu bərpa etmək əvəzinə mafiyalaşıbsa, milli gəlirləri bərabər şəkildə bölüşdürmək əvəzinə birinci şəxs və ailəsi, onların ətrafı arasında bölüşdürürsə, ölkə yönətimi ölkənin sərvətlərini talan edirsə, vətəndaşlar o sərvətdən zərrəcə faydalana bilmirsə və yoxsulluqla boğuşursa, qəsb edilən haqları üçün səsini çıxarmağa çalışanların başına dəyənək vurub, əllərini zəncirləyib məhbəsə atırlarsa, bu zülmə qarşı ilk kimlər qarşı çıxmalıdır?
Bu ölkədəki totalitar rejimə ilk kim etiraz etməlidir? Dağda sürü otaran çobanmı? Inşaatda beton tökən fəhləmi? Yoxsa qəsəbədəki təmirçi ilə, bazardakı pendirsatanmı? Yaxud ölkənin ziyalılarımı? Mən hər şeyə biganə yanaşan ziyalıdan yox, ağıllı, vicdanlı ziyalıdan danışıram. Yəqin ki, ”ziyalılar” deyəcəksiniz. “Əgər ziyalılar üzərində də basqı və zülüm varsa, o zaman onlar necə danışacaqlar?” deyə soruşa bilərsiniz. Amma ətrafa baxsanız, hər cür basqı və zülmə rəğmən susmayan ziyalıların olduğunu görəcəksiniz. Kimisi həbsə atılıb, kimisi işindən qovulub, kimisinin bir bəhanəylə malına-mülkünə əl qoyulub. 20-ci əsrin ən acımasız xəstəliyi olan totalitar dövlət yönətimi, təəssüf ki, 21-ci əsrdə də davam edir. Əslində tarix bizə – 20-ci əsrin övladlarına basqı və zülm üzərində qurulmuş imperatorluqların, tiranların, qan tökən despotların süqutunu görmək və izləmək şansını bəxş etdi.
Haqq-ədalət üçün mücadilə edənlərin, insan haqq və azadlıqlarını müdafiə edənlərin əllərinə zəncir taxan vicdanı zəncirlənmişlərin sonu da “Ərəb baharı”na tutulanların sonu kimi olacaq. Heç şübhəniz olmasın! Allah hər zaman məzlumların yanındadır. Tarixin zibilliyi zalımlarla doludur. Bunların o zibilliyə gedəcəyi günlər də yaxındadır. Şər və böhtanla həbsə atılan Əvəz Zeynallı azadlıqda olsaydı, birəbir olmasa da, bunlara bənzər şeyləri yazardı bu gün. Siz düşünün ki, bu yazını mən yox, Əvəz Zeynallı yazıb. Ən azından, mən bu yazını ona həsr edirəm…”.
HƏMÇİNİN BAX:
Türk yazar İlham Əliyevi “topa tutdu”