Mer narazı sakinlərə «evinizi başınıza uçuracağam» deyib
Kompensasiya məbləği ilə razılaşmayanlar Prezident Administrasiyası qarşısında aksiya keçirəcək
Bakının mərkəzi Mirzağa Əliyev və Şəmsi Bədəlbəyli küçələrində evləri söküntülərə məruz qalan sakinlər bazar ertəsi Media Mərkəzində mətbuat konfransı keçiriblər. Hüquq müdafiəçisi Ələkbər Məmmədov söküntü işlərini bu sahədə məşhur olan “Azinko” şirkətinin apadrığını bir daha xatrıladıb. Bu şirkətə hamiliyi Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənovun qardaşı, deputat Malik Həsənov edir. Eyni zamanda şirkətin qanunsuz hərəkətlərilə bağlı yuxarı isntansiyalara çoxsaylı şikayərtlərin olmasına baxmayaraq, indiyə kimi tədbir görülmədiyi üçün daha yüksək səviyyəli şəxslərin himayə etdiyi istisna olunmayıb.
Evlərin söküntüsü Səməd Vurğun küçəsindən Azərbaycan küçəsinə (keçmiş Hüsü Hacıyev) qədər Bakının qədim yaşayış məhəlləsini əhatə edir. Evlərin söküntüsünə etiraz olaraq bu yaxınlarda Bakı Şəhər Icra Hakimiyyətinin önündə aksiya keçirilməsinə cavab olaraq şəhər meri Hacıbala Abutalıbov sakinlərə noyabrın sonuna kimi evləri məhkəmə vasitəsilə onların başına “uçuracağı” barədə hədə-qorxu gəlib. Sakinlər bu hədə-qorxuya və qanunsuz söküntü işlərinə cavab olaraq bu günlərdə PA önündə aksiya keçirməyi qərara alıblar.
Onlar qeyd ediblər ki, söküntü işlərini aparanlar mənzillərin hər kv.metrinə 1500 manat pul təklif ediblər. Amma sahəsi az olanlar aldıqları pulla mənzil ala bilməyiblər və çoxları evsiz qalıb. Qiymətlə razılaşmayan sakinlərin mənzillərini isə söküntü işlərini aparanlar bilərəkdən yararsız hala salırlar. Evlərin damları dağıdlır, mənzillərdən oğurluqalr olur, amma buna görə bir cinayət işi belə qaldırılmayıb. Qaz, su, işıq bilərəkdən kəsilir, sakinləri evlərindən çıxara bilmək üçün qəsdən yanğınlar törədilir. Belə yanğınlardan biri noyabtın 13-də M.Əliyev 193-ə bitişik M.Əliyev 95/97 saylı binalarda törədilib. Evlər Keşlə qəsəbəsində, “Qələbə” kinoteatrı yaxınlığında sakinlərə verilir ki, bu da onları razı salmır.
500-dən bir qədər çox ailədən 400-ə yaxını artıq köçüb. Qalan sakinlərsə ölkədaxili məhkəmə instansiyalarını keçərək məsələni Avropa məhkəməsinə çıxarmağı nəzərdə tuturlar.
Sakinlər baş verən qanunsuzluqlarla bağlı ölkədədki xarici ölkələrin səfriliklərinə, beynəlxalq təşkilatların nümayəndəliklərinə müraciətlər hazırlayıblar. Bu müraciətlərin səfirliklərə təqdim edilməsinin həm də həmin səfirliyin önündə aksiya keçirməklə müşayiət olunmasını qərara alıblar. Aksiyaların keçirilməsi vaxtı ilə bağlı mətbuata əlavə məlumat verilməsi nəzərdə tutulur(Turan).