AXCP sədri Әli Kərimli tanınmış hüquqşünas Әnnağı Hacıbəylini 60 illik yubileyi münasibətilə təbrik edib. Təbrikdə deyilir:
"Dəyərli Ənnağı bəy!
Bu günlər həyatınızın önəmli bir mərhələsini başa vurdunuz. Bu əlamətdar tarix – 60 illik yubileyiniz münasibəti ilə sizi ürəkdən təbrik edirəm. Taleyimizə düşən onilləri yaşamaq bir şans, bir imkan, bir fürsətdir hər birimiz üçün. Amma o illəri bir insana yaraşan şəkildə ləyaqət və vicdanla yaşamaq sözün əsl mənasında böyük xoşbəxtlikdir. Siz bu xoşbəxtliyi həyatınız boyunca təkcə özünüzün deyil, minlərlə insanın haqqını və hüququnu qorumaqla qazanan şəxslərdənsiniz. Siz bu ölkədə sona qədər haqqın keşikçi olaraq qala bilmək prinsipini sübuta yetirmiş insanlardansınız. Hesab edirəm ki, ədalətin çeynəndiyi bir cəmiyyətdə hüququn müdafiəçisi qalmaq qədər də ləyaqətli bir iş ola bilməz!
“Hüququn gücünü itirdiyi yerdə, haqlının hüququ keçərli olmaya bilər” kimi bir fəlsəfi deyim var. Mən deyərdim ki, hüququn gücünü itirdiyi yerdə haqlının hüququnu qorumaq qədər çətin bir missiya da yoxdur. Siz bu ölkədə həmin missiyanı yerinə yetirən azsaylı hüquq təmsilçilərimizdənsiniz. Biz qanunların çeynəndiyi bir ölkədə inadla hüququn tərəfində dayanan sizin kimi insanlarımızla böyük qurur duyuruq. On illərlə yorulmadan, prinsipiallıqla o yolda yürümək və öz peşə prinsiplərinə sadiq qalmaqdan gözəl nə ola bilər ki?!
Hörmətli Ənnağı bəy!
Siz həm də gözəl insan, gözəl ziyalı, dost və ailə başçısı olaraq insanların sevgisini qazanmısınız. Öz peşəkarlığınızdan başqa, yüksək insani keyfiyyətlərinizlə də cəmiyyətdə böyük nüfuz sahibi olaraq tanınırsınız. Bu əlamətdar gündə minlərlə sevənlərinizin sırasına qoşulub sizə möhkəm cansağlığı, bol-bol ailə sevinci və yeni-yeni uğurlar arzulayıram! Neçə gözəl və işıqlı yubileylərə!".