İdmançı qızın ailəsinə yardım kampaniyası başlayıb; Ailə əlil arabasının rahat girib-çıxa biləcəyi ev axtarır
Bakıda Atletlər kəndindəki avtobus qəzasında ağır xəsarət alan avstriyalı idmançı çətin durumdadır. Vanessa Şahinoviçin həyatı üçün təhlükə aradan qalxsa da, müalicəsi bitəndən sonra hərəkət qabiliyyətini tam bərpa edib-etməyəcəyi bilinmir.
Bu arada onun valideynləri yeni mənzil axtarışındadırlar. Bunu Avstriyanın sport.at saytı yazır.
“Ailə hazırda ikinci mərtəbədə yerləşən bir mənzildə yaşayır və mənzildən imtina etmək məcburiyyətindədirlər, çünki onlara əlil arabasının rahat girib-çıxa biləcəyi ev lazımdır.
Lakin ailə yaşadıqları Wiener Neudorfda qalmaq istəyir. Böyük, maneəsiz və daha yaxşı bir ev inşa edilə bilər – münasib torpaq sahəsində münasib bir ev"- deyə Viener Neudorfun bələdiyə sədri Herbert Yanschka öz bloqunda insanlara müraciət edir. Bələdiyyə sədri yardım etmək istəyənlər üçün ailə ilə əlaqə vasitələrini də bloqunda qeyd edir.
Məqalədə deyilir ki, avstriyalı idmançı Bakıdakı Avropa Oyunlarına sinxron üzgüçü kimi getmişdi və medal uğrunda mübarizə apacağını düşünürdü. Lakin hər şey əksinə oldu. O, yaşam uğrunda mübarizə aparmalı oldu.
Avstriyalı həkimlər Şahinoviçin üzərində əməliyyat aparandan sonra onu süni koma vəziyyətində saxlamağa qərar vermişdilər.
Sayt Bakıdakı avtobus qəzasını yada salaraq yazır ki, “sürücü” qaz pedalıya əyləci dəyişik salıb və ümumiyyətlə, 15 yaşlı gəncin həmin qəzadan sağ çıxması möcüzədir. Onun bud və çanaq nahiyəsi, həmçinin bel sümüyü ciddi zədə alıb. Indi onun bir neçə dəfə cərrahiyə əməliyyatı olunması lazımdır.
Iyunun 11-də Atletlər kəndində avtobus 3 avstriyalı idmançını vurub. Digər iki idmançının xəsarəti ağır olmayıb.
Faktla bağlı cinayət işi başlanılıb. Avtobusun sürücüsü barəsində həbs qəti-imkan tədbiri seçilib, istintaq aparılır.
“Azadlıq” radiosu