«Prezident Aparatında məni təhqir edib, zorla bayıra atdılar»
Peşəkar boksçu Ağəli Əlişov redaksiyamıza məktub yollayıb. O, üzləşdiyi haqsızlıqlarla bağlı qəzet vasitəsilə prezidentə müraciət edir, çünki başqa çağırışları ünvanına çatmır. Boksçu yazır:
“Mən Ağəli Əlişov Azərbaycanın peşəkar boks tarixində ilk azərbaycanlı Avropa çempionuyam (WBA-versiyasi 03.09.2011-ci il ). Bundan əlavə mənim bir çox uğurlarim olub. Bu qələbə mənə Azərbaycan peşəkar boks tarixinə düşməyə şərait yaradıb.
Cənab prezident, bu günə qədər keçirdiyim bütün yarışları yaxın dostlarımın, qohumlarımın və şəxsi qazancımın hesabına keçirmişəm. Dəfələrlə Gənclər və Idman Nazirliyinə, Azərbaycan Boks Federasiyasına müraciət etmişəm ki, yarışlarda iştirakıma dəstək olsunlar. Amma məni tanımadıqlarını bildiriblər və hədə-qorxu gəliblər.
Nəhayət, mən Gənclər və Idman Nazirliyinin və Peşəkar Boks Federasiyasının razılığı ilə çempionatda iştirak etmişəm və evimi sataraq bütün maliyyə xərclərini də özüm çəkmişəm. Cənab prezident, bundan sonra ölkə başçısı kimi sizə 5 dəfə məktub, 2 dəfə teleqram, 1 dəfə isə elektron ünvanınıza məlumat göndərmişəm. Məktublarıma cavab gəlmədiyi üçün özüm şəxsən Prezident Administrasiyasına gələrək məktublarıma niyə cavab verilmədiyini öyrənmək istəmişəm. Mənə bir neçə telefon nömrəsi veriblər ki, zəng edib problemimi danışım. Zəng elədim və dəstəyi götürən adam məni təhqir etdi. Bundan sonra məni zor tətbiq edərək Prezident Aparatından qovdular.
Cənab prezident, 2007-ci ildə Rusiyanın Moskva şəhərində RUDN Unversitetinin qarşısında keçirilən əmək sərgisində ermənilərə öz etirazımı bildirərək onların əlindən qondarma “DQR” bayrağını alıb cırmışdım və buna görə məni odlu silahla yaralamışdılar. Bundan sonra Moskva şəhərində olan idman kontraktım ləğv olundu və universitetdən qovuldum.
Bu ərəfədə Moskvada AMOR gənclər təşkilatının sədri, sizin qızınız Leyla xanım Əliyeva məni qəbul edib problemlərimlə maraqlanmışdı. Və gələcək karyeramın davamı üçün kömək edəcəyinə söz vermişdi. 8 döyüşümün keçirilməsində mənə dəstək oldular və keçirdiyim bütün döyüşlərdə nokautla qalib gəlmişdim. Yeri gəlmişkən bunu da qeyd edim ki, yaralı olduğum müddətdə Gənclər və Idman Nazirliyinə müraciət etsəm də, ancaq müsbət cavab almamışdım. Bundan sonra Leyla xanımın tapşırıq verdiyi insanlar mənə dedilər ki, bizdə kirizisdir və bundan sonra biz sənə köməklik edə bilmərik. Dəfələrlə Leyla xanımla görüşmək üçün məqamlar axtardım, lakin mənə maneçilik törətdilər.
Bundan sonra öz gücümə karyeramı Ukraynada davam etdirdim, vuruşub ölkəmizi layiqincə təmsil edərək çempion oldum. Bu gün yarışlarda iştirak etmək mənim imkanım xaricindədir. Döymədiyim qapı qalmayıb, müraciətlərimə baxılmır. Məni hədələyirlər. Hazırda öz təhlükəsizliyim və karyeramın davamı üçün ölkəni tərk edərək Ukraynaya dönmüşəm.
Cənab prezident, mənim haqqımda daha ətraflı məlumat almaq istəsəniz, onu GOOGLE və ya “YOUTUBE” da tapa bilərsiniz. Özünüz də qeyd etmisiniz ki, mətbuatı izləyirsiniz".
Məktublar şöbəsi