Eyyub Hüseynov: «Azərbaycanda əkilən kartof, pomidorun böyük hissəsi birmənalı olaraq geni modifikasiya olunmuş məhsullardır»
Dövlət Gömrük Komitəsi iddia edir ki, genetik modifikasiya olunmuş (GMO) məhsulların ölkəyə gətirilməsi haqda bir sıra saytlarda yayılmış məlumatlar həqiqətə uyğun deyil.
Komitə bildirir ki, Azərbaycanda geni dəyişdirilən məhsullarla əlaqədar qəbul edilmiş qanunlardan irəli gələn müvafiq tədbirlər həyata keçirilir. Geni dəyişdirilmiş malların ölkə ərazisinə daxil olmasına yol verilmir.
Komitənin mətbuat xidmətindən “Trend”ə bildirilib ki, kənd təsərrüfatı məhsulları, o cümlədən toxumların, əkin materiallarının ölkə ərazisinə gətirilməsi zamanı məhsulların növünə və xarakterinə uyğun olaraq zəruri olan sertifikatlar, icazə sənədləri, dövlət qeydiyyatında olmasını təsdiq edən sənədlər tələb edilir. Eyni zamanda, bitki nümunələri “GMO bitkilərinin beynəlxalq miqyasda tanınan siyahısı” ilə tutuşdurulur və qablaşdırılan taranın üzərindəki etiketlərə baxış keçirilir.
Malların genetik modifikasiya olmasına şübhə yarananda dərhal müvafiq rəylərin alınması üçün əlavə yoxlama prosedurları aparılır və laborator müayinələr keçirilməsi nəzərdə tutulur. Məlumata görə, geni modifikasiya olunmuş məhsulların ölkə ərazisinə buraxılmaması sahəsində müvafiq tədbirlər davam etdirilməklə yanaşı, gömrük orqanları səmərəli yoxlamaların aparılması üçün daha müasir stasionar laborator avadanlıqlarla, eləcə də ekspress PJR laborator cihazlarla təchiz olunur, bu sahədə səlahiyyəti olan digər qurumlarla əlaqələndirilmiş fəaliyyət həyata keçirilir.
Komitənin bu məlumatını şərh edən Azad Istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə daxili bazarda bu sahədə vəziyyətin hədsiz dərəcədə pis olduğunu deyir. Onun sözlərinə görə, ölkədə GMO toxumçuluq var: “Dənizin duzlu olduğunu bilmək üçün onun hamısını içməyə gərək yoxdur ki… 99 faiz satılan kartofun toxumundan məhsul cücərmirsə, bu artıq GMO-nun əlamətidir. Soya yer üzündə 98 faiz GMO-ya uğramış bitkidir. Yəni onun geni dəyişdirilmiş məhsul olduğunu hamı bilir. Lakin ondan geniş şəkildə istifadə edilir. Azərbaycanda laboratoriyalar bu məhsulların tərkibinin GMO-lu olması barədə heç nə demirsə, hər şey yaxşıdırsa, onda prezident Ilham Əliyevin məlum fərmanları nəyə lazımdır? Təzadlı fikirlər onu göstərir ki, ölkədə GMO-lu məhsullar, bitkiçilik var. Burada geni dəyişdirilmiş məhsullar yayılır və bununla da ətraf mühitə ciddi ziyan dəyir. Əkilən kartof, pomidorun böyük hissəsi birmənalı olaraq geni modifikasiya olunmuş orqanizmlərdir”.
Nigar