Nurəddin Məmmədli: «Cəbhədə baş verənlərə görə ABŞ-ın ittiham olunması əslində Amerikaya qarşı yönələn kampaniyanın davamıdır»
Bir müddət əvvəl ABŞ rəsmilərinin Azərbaycana intensivləşən səfərlərini Amerikanın rəsmi Bakı qarşısında geri çəkilməsi kimi dəyərləndirən rəsmi təbliğat indi tamamilə fərqli gündəm yaratmağa çalışır. Reallıqda ABŞ-la əlaqələrin dərinləşməsində maraqlı olmayan iqtidar bu niyyətini müxtəlif “arqumentlərlə” pərdələməyə çalışır. Bu dəfə hakimiyyət təbliğatçıları cəmiyyət üçün həssas olan mövzunu seçiblər.
Cəbhədəki son gərginlik, silahların işə düşməsi ABŞ-la münasibətlərin yaxşılaşmasının nəticəsi kimi dəyərləndirilir. Yəni cəbhədə Rusiyanın təsiri ilə aktivləşmənin məhz ABŞ-dan qaynaqlandığı iddia olunur. Bəs aparılan bu təbliğat nə dərəcədə əsaslıdır? Həqiqətənmi Qərblə münasibətlərin normalaşması Qarabağda gərginliyin artmasına səbəbdir?
AXCP sədrinin müavini Nurəddin Məmmədli bildirdi ki, hakimiyyət son zamanlara qədər AB və ABŞ-la münasibətlərdə əks-təbliğat aparırdı. Tuskun səfərindən sonra bu təbliğatın bir qədər səngidiyini deyən N.Məmmədli vurğuladı ki, əksinə o təbliğata başlandı ki, guya Azərbaycan AB ilə əməkdaşlığı dərinləşdirməkdə, Avropa ölkəsinə çevrilməkdə maraqlıdır: “Vaxtı ilə hakimiyyət geosiyasi mövqeyə və rüşvət faktoruna görə Azərbaycanı dünyanın sevilən ölkəsinə çevirə bilmişdi. Amma son dövrlər kürü diplomatiyasının ifşa olunması, hakimiyyətin dünya diplomatiyasına gətirdiyi neqativ tendensiyalar tənqid atəşinə tuş gələndən, beynəlxalq təşkilatlar qarşısında götürülən öhdəliklər yerinə yetirilməyəndən sonra dünyanın mövqeyi dəyişdi”.
Hazırda isə hakimiyyətin cəbhədə yaranan gərginlikdən öz məqsədləri üçün istifadə etməyə çalışdığını deyən N.Məmmədli vurğuladı ki, cəbhədə baş verənlərin torpaqların azad olunması və ya qorunması ilə heç bir aidiyyatı yoxdur: “Cəbhədə baş verənlər açıq-aşkar Kremldən idarə olunan prosesdir. Bu proseslərin arxasında da Sarkisyanı xilas etmək siyasəti dayanır. Çünki Ermənistanda Sarkisyana qarşı böyük bir kampaniya başlayıb. Bu epizodda da erməni diasporu Sarkisyanı müdafiə etmir. Belə bir şəraitdə hakimiyyətin itirilməsi təhlükəsi var. Baş verənlər isə Ilham Əliyevi də narahat edir. Çünki hər iki hakimiyyət Qarabağ problemindən faydalanmağa çalışır. Ona görə bu gün sərhəddə baş verənlərin, kasıb övladlarının cəbhədə həlak olmasının arxasında hakimiyyəti qorumaq cəhdləri dayanır. Baş verənlərdə ABŞ-ın ittiham olunması əslində Amerikaya qarşı yönələn kampaniyanın davamıdır”.
Xəyal