Azərbaycanda bu gün səhər saatlarında dəhşətli cinayət hadisəsi qeydə alınıb. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Qusar rayonunun Avaran kənd sakini 77 yaşlı Amaxan Nəzərov yaşadığı evdə münaqişə zəminində gəlini Sevinc Məmmədovanı ov tüfəngindən atəş açaraq vurub. S.Məmmədova aldığı güllə yarasından hadisə yerində ölüb.
Qusar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Nəzərov tutulub. Onun hadisəni törədərkən istifadə etdiyi “İJ-16” markalı tüfəng müsadirə edilərək götürülüb.
Faktla bağlı Rayon Prokurorluğunda qəsdən adam öldürmə maddəsilə cinayət işi açılıb.
Rayon prokurorunun köməkçisi Azad Əliyev isə ANS-in bölgə müxbirinə deyib ki, hadisə 25 iyul gecə saat 3 radələrində törədilib. Amaxan Nəzərov ailə münaqişəsi zəminində gəlinin sinə nahiyəsinə atəş açıb. Gəlinin güllə yarasından ölmədiyini gördükdə isə evdən götürdüyü bıçaqla onun boyun nahiyəsini kəsib. Gəlinin öldüyünə əmin olduqdan sonra əlindəki qanlı bıçaqla Polis Şöbəsinə gələrək könüllü şəkildə təslim olub.
Hadisənin səbəbinə gəlincə, Sevinc Məmmədovanın qardaşı Həbib Məmmədov ANS-in müxbirinə bildirib ki, Amaxan Nəzərov hadisəni törədərkən sərxoş olub.
S.Məmmədova 1977-ci il təvəllüdlüdür. Ən dəhşətlisi də budur ki, Sevinc Məmmədova böyüyünün 12 yaşı olmaqla 4 azyaşlı uşaq anasıdır.
Qusar rayon prokurorunun köməkçisi Azad Əliyev isə ANS-ə açıqlamasında bildirib ki, mərhumun qardaşı Həbib Məmmədovun söylədikləri doğru deyil. Amaxan Nəzərov hadisəni törədərkən sərxoş olmayıb: "Bu, ağsaqqal adama qarşı qarayaxmadan başqa bir şey deyil. Amaxan Nəzərovu tanıyanlar onun spirtli içki aludəçisi olmadığını deyirlər və o, təslim olarkən sərxoş olmayıb. Ümumiyyətlə, qonşular və ailənin yaxınları Sevinc Məmmədovanın həyat yoldaşını itirmiş qaynatası ilə mütamadi olaraq dava etdiyini, ona qulluq və hörmət etmədiyini deyir. Bizdə olan məlumata görə, Məmmədova 4 uşağına belə normal baxmayıb. Böyük ehtimalla qətl hadisəsinin törədilməsinə bu amil səbəb olub".