Şəkililərin Qəbələ həsədi…
Şəki lətifələri ilə tanınır. Hacı dayının adına bağlanan çoxlu lətifə var. O lətifələrdə Hacı dayı nə qədər baməzə, ayıq, hazırcavab olsa da, o birilərdə şəkililər avam, sadəlövh insan kimi tanıdılır. Əslində heç belə deyil. Heç yerdə avam şəkili yoxdur. Şəkidə avam adam yoxdur. Sadəcə lətifələri kimlərsə qoşur, Şəkinin adına yaraşdırıb deyilənləri onlarla bağlayırlar.
Məsələn belə, “Iki şəkili avtobusla Şəkidən Bakıya gedəsi olur. Ikimərtəbəli avtobusda aşağıda cəmi bir boş yer qaldığından dostlardan biri ikinci qatda əyləşir. Bakıya çatanda birinci qatdakı şəkili görür ki, ikinci qatdan düşən dostunun rəngi qaçıb, özünü pis hiss edir. Dərhal soruşur:
– Ha sənin cözoo yiyim. Nə olutdu?
Dostu deyir:
– Bir diyan görax… Sizin avtobusda şofer vardı?
– Hə, nə oluttudu ki?
– Haindi Şəkidən Bakıya gələnə qədər ürək-göbəyimi yemişəm. Bizim avtobusda şofer yox idi!"
Bu lətifədə şəkili yerinə gədəbəyli, tovuzlu, imişlili də yazmaq olardı, heç nə dəyişməyəcəkdi. Şəkili yazanda isə daha məzəli alınır. Çox qəribədir, şəkililər onlara qoşulan bu yarızarafat, yarıgerçəkdən incimirlər. Hətta deyəsən, fəxr edirlər. Görünür, bu da tanınmağın, sevilməyin bir yoludur.
Şəki turizm zonasıdır. Təbiətin yaratdığı tək-tük gözəllik incilərindəndir. Turizmin inkişafı yönündə bəzi işlər görülür. Bu gün adla tanınan bir çox mənzərəli yerlər, məşhur istirahət mərkəzləri insanların üzünə qapalıdır. Iş gedir. Biz o məşhur Marxalı görmədik. Yenidən qurulur. Cənnət bağına, Şam bağına yaxın düşə bilmədik. Əvəzində Abid Şərifovun olduğu deyilən yaraşıqlı istirahət mərkəzinə qapı dalından baxdıq. Deyilənə görə, o üzdə qiymətlər od tutub yanır. Yeni mərkəzlərin çoxunda qiymətlər bahadır. Orta yaşayış səviyyəli azərbaycanlı ailəsinin cibinə uyğun deyil. Şəkidə Karvansaranı gəzdik, burda bir gecəlik qiymətlərin bir nəfər üçün 20 manat, iki nəfərə 30 manat, üç nəfərə 36 manat olduğunu öyrəndik. Təzələrə baxanda elə də baha deyil, yaşamaq, Şəkinin nəfəsini duymaq olar.
Şəkidə tanıdığım insanların çoxu lətifələrdəkinə bənzəmir. Nə qədər gülərüz, şirindil, mehriban, dilli-dilavər olsalar da, sadə düşünəni yoxdur. Şəkinin Beynəlxalq turizmə sarı gəlişməsi bəzi insanları dəyişdirib. Onlar şəhərə gələn hər naşı insana turist, potensial müştəri kimi baxırlar. Gəlmə müştəri aldatmaq üçündür – deyəsən, burda bəziləri belə düşünür. Ayrıca da bazarda. Hər rayonun yaşayış göstəricisini bazarla ölçmək olar. Şəkinin böyük, səliqəli, aşar-daşar bazarı var. Qiymətlər Bakı bazarlarından ucuz deyil. Satıcıların sayı alıcılardan iki-üç dəfə çoxdur. Odur ki, təzə adam görəndə qiymətin quyruğu qalxır. Məsələn, Şəkidə hamının adla tanıdığı ağsaqqal Əhməd kişi pendiri yerlilərə 5-6 manata, bizim kimi gəlmələrə 8 manata satır. Mustafabəy istirahət mərkəzində bapbalaca bir çolpa qızartması 16 manatdır. Deyəsən, kimlərəsə elə gəlir bizlər Bakıdan Şəkiyə içi pulla dolu çemodanla gəlirik. Ya da biz də az qala Şəkinin yarısını özəlləşdirən cahangirlərdən, fikrətlərdən, cavanşirlərdənik. Mustafabəydə evliliyimizin 30 illiyini qeyd edirdik. Bizi hər nə yolla olsa razı salmağa çalışan şəkili balası Təbriz neyləsin ki, qiymətlər burda belə bahadır, atası Oruc kişi də kababı dəmli közdə bişirib müştəriləri narazı salır.
Iki il qabaq dincəldiyimiz Borjomi ilə müqayisədə Qaxın Ilisusu, Zaqatalanın Carında bir həftəlik istirahət daha baha başa gəlir. Borjomidə bir gecəni 12 manata qalırdıq, Şəkidəki evdə tanışlıqla 30 manata qalırıq. Burda taksilərin üç manata apardığı yolu Borjomidə bizim pulla bir manata gedirlər. Bazarda kimsə turistə bir qəpik bahasına məhsul satmır, bunu özünə yaraşdırmır. Şəkini çox sevirəm, amma dərin düşünəndə Borjomiyə getməyim gəlir.
Ətraf rayonların içində şəkililər ən çox qəbələlilərə həsəd aparırlar. “Bizim nazirlər (Baş nzirin müavini, Ədliyyə naziri) onların naziri (Fövqəladə hallar naziri) kimi olsaydı nə dərdimiz vardı”- deyirlər. Kimsə inanmaq istəmir ki, uzaqdan görünən sadəcə ilğımdır. Qəbələlilərin də dərdi özlərinə dəvədir.
Fimar
P.S.Gecə keçib. Bayırda leysan gedir. Yağış şəhərin üz-gözünü yuyub bir az da gözəlləşdirəcək. Səhər Şəkidə yeni bir sabah açılacaq…