Astara çəltikçiləri su problemindən əziyyət çəkir
Bu rayonda çəltik sahələri azalır…
Çəltik əkənlərin necə çalışdıqlarını öyrənmək üçün Astaranın Seləkəran və Suparıbağ kəndlərinin içi ilə getməli olduq. Havanın hərarəti yüksək idi. Kənd yollarında heç kim gözə dəymirdi. Lakin əkin üçün nəzərdə tutulan sahələrdə adamlar işləyirdi. Vaxtilə çəltik əkilən yerlərin çoxunda ot tədarük olunur. Belə sahələrin birindəyik. Ot tədarükü ilə məşqul olan 82 yaşlı kənd sakni Heydər Əsgərov deyir ki, 15 ilə yaxın çəltik əkib. Bu sahədə problemlər həll edilmədiyi üçün əkindən əlini üzüb:
“Suya görə çəltik əkməyin daşın atdım”
“Mən 15 il burda çəltik əkmişəm, 1 hektar 10 sot. Suya görə çəltik əkməyin daşın atdım. Su vermədilər. Artupa kəndindən olan 9 nəfər çəltik əkmişdik. Gördük su yoxdur, torpaq susuzluqdan çatlayıb. Onu biçə də bilmədim. Hər hektara 1000 manatdan yuxarı xərc çəkilir. Xərc batdı. Indi ot yığıram, nəyimə lazımdır. Adamın ürəyi ağrıyır. Kömək etsinlər, çəltik əkək, öz düyümüz olsun. Bunun nəyi pisdir? Ekoloji cəhətdən təmiz. Həm də iş yeridir. Kömək yoxdur. Mənə düyü lazımdır ki, nəvələrimi, nəticələrimi saxlayım”.
Heydər Əsgərov əli ilə əkilməşi sahələri göstərib deyir ki, vaxtilə bu sahələrdə çəltik əkilirdi. O deyir ki, texnika problemdir. Onun sözlərinə görə, hökumət bu sahəni yaddan çıxardıb. Halbuki, azərbaycanlılar düyüdən daha çox istifadə edirlər. Heç bir məclis plovsuz keçinmir.
Səncərədi kəndinin sakini, 86 yaşlı çəltikçiÿMusa Ibrahimovlaÿda sahədə görüşdük. Deyir ki, çətinliklərə baxmayaraq hər il çəltik əkib. Bu il də 70 sotda çəltik becərib. Özünün dediyinə görə, sahəyə min manata qədər pul xərcləyib. Günün əsas vaxtını burda keçirdir. O deyir ki, 28 nəfərdən ibarət olan ibrahimovların əsas qazancı çəltikdən gəlir:
“Sovet dövründə təkcə bizim kəndə 82 hektar çəltik əkilərdi”
“Torpaq rəngindəyik. Torpaq bizdən ağdır. 25 ildir buranı əkirəm. Bunun təməlini kənddə mən qoymuşam. Əvvəlcə həyətyanı sahədə əkdim. Getdim Irandan toxum aldım. 1,5 ton çəltik götürdüm. Əkin üçün torpaq payımı verdilər. O vaxtdan bəri əkirəm. Həmişə haşimi toxumu əkirəm. Məhsuldarlığı az olsa da yeyiləndir, xoş ətri var. Sovet dövründə təkcə bizim kəndə 82 hektar çəltik əkilərdi. Iş əsasən öküz vasitəsilə görülərdi. Indi öküzü hardan gətirək? Bir dənə taraktor var, o da şəxsidir, hektarını 350 manata sürür. Deyir, mən belə sürürəm. Qalan işlər əl ilə görülür. 50-60 il keçib çəltikçilikdə heç bir tərəqqi yoxdur. Bizi yaddan çıxardıblar. Kimin nəyə gücü çatır onu görür”.
“Bəlkə pensiyanız sizə çatmır. Sahədə işləyənlərin əksəriyyəti yaşlı adamlardır. Bu yaşda çəltikçiliklə məşğul olmaq yaşınıza uyğun gəlirmi” sualına Musa kişinin cavabı qısa oldu: “Qabağa düşməsək, ailələrimiz aclıq çəkər. Pensiyam 157 manatdır. Kimə çatar?”
Su, texnika və toxum problemi…
Musa kişi deyir ki, dövlət varlı dövlətdir. Çəltikçilərə 1-2 texnika verməklə kasıblamaz. O deyir ki, əsas su, texnika, bir də toxumdur. Bu üçü olsa, əkilməmiş yer qalmaz. Lakin heç birisi yoxdur.
ÇəltikçiÿFariz Babayevÿisə deyir ki, susuzluqdan sahəsi yanmaq üzrədir. Onun sözlərinə görə, iki gün bundan əvvəl su ilə bağlı nazirliklərə teleqram vurub. Bundan sonra rayon suvarma sistemin direktoru və digər vəzifəli adamlar onların yanında olublar. Su verildi və sahələr suvarılıb. Qərara alıblar ki, hər 5 gündən bir suyu sahələrə buraxsınlar. O isə buna inanmır.
Suparıbağ kənd sakni çəltikiçiÿ Elşad Nəsirov ÿda suyun olmamasından gileylənir:
“Çoxu kredit götürüb, borc alıb əkib”
“Bizə indi əsasən su lazımdır. Havalar çox isti keçir. Vaxtında su verilməsə sahələr yanacaq. Ondan sonra onu bərpa etmək çətin olacaq. Belə olsa, növbəti il heç kim əkməyəcək. Çoxu kredit götürüb, borc alıb əkib. Mən də kredit götürüb əkmişəm. Əkin batandan sonra kimdir onu əkən. Texnika yoxdur. Toxumu Irandan gətiririk, gömrük hər kiloya 1 manat rüsum alır. Baha başa gəlir. Bizi eşidən yoxdur. Suya görə müqaviləmiz var, pul köçürdürük. Bu ay bizə su lazımdır. Hanı?”
Sahədə rayon suvarma sistemi idarəsinin işçisi ilə görüşdük. Adının çəkilməsini istəməyən nəzarətçinin dediyinə görə, su Iranla müştərək olan Astaraçaydan axıdılır. Çayın suyundan həm onlar, həm də Azərbaycan tərəfi istifadə edir:
“Iran daha çox su götürür, biz götürə bilmirik”
“Iran tərəfinin suya nəzarət edən adamı həmişə çayın kənarındadır. Bizdə isə bu mümkün deyil. Astaraçay sərhəd daxilindədir. Çaya özümüz düşə bilmirik. Bunun üçün sərhəd zastavasının icazəsi olmalıdır. Icazəni də almaq müşkül işə çevrilib. Bizə sərhədçi qoşurlar və biz çaya enirik. Bəzən bəhanə gətirirlər ki, naryad yoxdur. Rayonun rəhbər adamları işə qarışandan sonra işlər qaydasına düşür. Digər tərəfdən, Iran daha çox su götürür, biz götürə bilmirik. Biz çaydan qayıdandan sonra orda əyləşən adam suyu öz tərəfinə çəkir. Burda suvarma sistemləri idarəsinin günahı yoxdur. Başqa yerdə bu problemlər yaşanmır”.
Yerli hakimiyyət orqanları isə bildirirlər ki, çəltikçilik üçün nəzərdə tutulmuş texnikanın gətirilməsi barədə yuxarı orqanlara məlumat verilib. Çəltik toxumunun əldə edilməsi istiqamətində də iş görülür.
“Azadlıq” radiosu