Demokratik Qüvvələrin Milli Şurası qarşıdan gələn parlament seçkiləri ilə əlaqədar növbəti ictimai dinləmələr keçirmək niyyətindədir. Toplantının mövzusu seçki qanunvericiliyi və seçki islahatları ilə bağlıdır. Tədbirdə qarşıdan gələn parlament seçkiləri ilə bağlı mövcud vəziyyət, Milli Şura olaraq bizi narahat edən məsələlər, eyni zamanda, seçki qanunvericiliyində olan boşluqlar, seçkilərin şəffaf və ədalətli keçirilməsi ilə bağlı problemlər, bu problemləri doğuran səbəblər, çıxış yolları və s. müzakirə olunacaq.
Təəssüflə qeyd etmək lazımdır ki, hakimiyyət ictimai təşkilatlara və siyasi partiyalara qapalı zal tədbirlərinin keçirilməsi üçün öz nəzarətində olan Beynəlxalq Mətbuat Mərkəzindən savayı hər hansı normal məkanın, ictimai binanın mövcudluğuna imkan vermir. Bütün bunları nəzərə alan Milli Şura, ictimai dinləmənin keçirilməsi üçün Beynəlxalq Mətbuat Mərkəzinə hələ iyun ayında müraciət edib.
Həmin vaxt ölkədə 1-ci Avropa Oyunlarının keçirildiyini əsas gətirən BMM rəhbərliyi müraciəti müsbət dəyərləndirməmişdi. Avropa Oyunlarndan dərhal sonra Milli Şura nəzərdə tutulan tədbirin keçirilməsinə şərait yaradılması üşün yenidən BMM-ə müraciət edib. Hələ ki, hər hansı müsbət cavab yoxdur. Milli Şura toplantının keçirilməsi üçün lazımi təşkilati, texniki və nəzəri işləri görüb. Biz hazırda Beynəlxalq Mətbuat Mərkəzindən tədbirin keçirilməsinə razılıq verilməsini gözləyirik.