“Bakı Metropoliteti” QSC mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bu gün metronun “Qara Qarayev” stansiyasındakı qatarda yoxlama aparılması xəbərinə aydınlıq gətirib.
N.Paşayev virtualaz.org saytına açıqlamasında bildirib ki, yoxlama qatardakı nasazıqla əlaqədar aparılıb: “Saat 11:42-də “Həzi Aslanov”-“Dərnəgül” istiqamətində hərəkət edən 43 saylı qatarda nasazlıq yaranıb. Buna görə də sərnişinlər qatardan boşaldılıb və qatar gecikmə ilə depoya göndərilib, xəttə yeni qatar buraxılıb”.
Qatarda polis tərəfindən yoxlanış aparmasına gəlincə isə N.Paşayev bunu təkzib etdi: “Polisin qatarda nə işi var? Sadəcə olaraq qatar boşaldılandan sonra içəridə sərnişinin qalıb-qalmaması dəqiqləşdirilib, çünki həmin qatar depoya gedir”.
***
Bakı metrosunda müəmmalı yoxlanış olub. Sərnişinlərin milli.az-a verdiyi məlumata görə, metronun "Qara Qarayev" stansiyasında sərnişinlər qatardan çıxarılıb. Polislər vaqonlara daxil olaraq yoxlanışa başlayıblar. Yoxlama başa çatdıqdan sonra qatar boş yola salınıb.
Daha sonra növbəti qatarda yoxlanışlar təkrarlanıb. Həmin qatar da yoxlama başa çatandan sonra boş vəziyyətdə yola salınıb. Yoxlama prosesi 15 dəqiqə davam edib.
Yoxlanışların hansı səbəbdən aparılması məlum deyil.