Rövşən Ağayev: «Investisiya xərclərində 2 milyard manatın ixtisarı indidən real görünür?»
Oqtay Haqverdiyev: «Büdcə xərclərini azalda biləriksə, büdcə kəsirini həll etmək olar»
2015-ci ilin yanvar-may aylarında Azərbaycanda 21,3 milyard manatlıq və ya ötən il dövrü ilə müqayisədə 5,3 faiz çox ümumi daxili məhsul istehsal edilib. Dövlət Statistika Komitəsinin yaydığı rəsmi məlumata görə, sənaye sektorunda fəaliyyət göstərən fiziki şəxslər tərəfindən cari ilin 5 ayında 10 ,8 milyard manatlıq məhsul istehsal edilib ki, bu da ötən il ilə müqayisədə 3.7 faiz artım deməkdir. Lakin sözügedən sektorun mədənçıxarma bölməsində neft hasilatının 0,9 faiz azaldığı göstərilib. Əmtəəlik qaz hasilatı isə, əksinə, 11.5 faiz artıb (“Bizim Yol”).
Beş ayın hesabatına görə, bu ilin yanvar-may aylarında ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi 6,4 milyard manat təşkil edib. Əsas kapitala yönəldilən vəsaitin 3,7 milyard manatını daxili vəsaitlər təşkil edib. Bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə 5 milyard manata yaxın pul sərf edilib. Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə investisiya xərclərinin həcmi 12 faiz artıb. ÿ
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2015-ci ilin yanvar-aprel aylarında dövlət büdcəsinə 5.4 milyard manat vəsait daxil olub. 6,2 milyard manat vəsait isə xərclənib. Beləliklə, büdcədə 822,5 milyon manat civarında kəsir yaranıb ki, bu da ÜDM-in 4.9 faizinə bərabər olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə büdcə daxilolmalarından hüquqi şəxslərin mənfəət vergisi üzrə 19,3 faiz, əmlak vergisi üzrə 7 faiz, ƏDV-dən 0,5 faiz, aksizlər üzrə 23 faiz, mədən vergisi üzrə 20 faiz, “digər daxilolmalar” bölməsi üzrə 25 faiz azalma müşahidə edilir.ÿ
Büdcə xərcləri üzrə isə təhsil və səhiyyəyə yönələn vəsaitlərdə artım olsa da, sosial müdafiə və sosial təminat ÿxərclərində 2 faiz azalma var. Eyni zamanda mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyətə ayrılan büdcə xərclərində isə 5 faizə yaxın azalma mövcuddur.
Iqtisadçı-ekspert Rövşən Ağayev bu məsələ ilə bağlı öz facebook səhifəsində status yazıb. R.Ağayev vurğulayıb ki, bu ilin 4 aylıq büdcə gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 18 faiz (1.1 milyard manat) az icra olunub: “Əgər büdcə icrasındakı bu azalma tempi sonrakı aylarda da davam etsə, büdcə gəlirləri planlaşdırılan 18.6 milyard manata qarşı maksimum 16.5-17 milyard manat icra olunacaq. Belə olacağı tədqirdə proqnoz edilən xərcləri icra etmək üçün hökumətə əlavə 4.5 milyard manat vəsait lazım olacaq. Bunun təxminən 1.8 milyard manatı artıq var. Büdcə ehtiyatı kimi saxlanan və büdcə kəsirini örtməyə yönəldiləcək sərbəst büdcə qalığını nəzərdə tuturam. Ən azı 1.5-2 milyard manatın isə investisiya xərcləri hesabına ixtisarı indidən real görünür”.
Iqtisadçı Oqtay Haqverdiyev bildirdi ki, əslində büdcə ilə bağlı proqnozlarda 1.6 milyard kəsirin ola biləcəyi qeyd edilib. Kəsirin yaranmasına səbəbin neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar olduğunu deyən O.Haqverdiyev vurğuladı ki, neftin qiyməti büdcədə 80 dollar göstərilsə də hazırda real qiymət qat-qat aşağıdır: “Məhz neftin qiyməti aşağı düşdüyünə görə gəlirlər hissəsi kəsirlə olacaq. Manatın devalvasiyası baş verməsəydi büdcə kəsiri daha çox ola bilərdi. Manatın devalvasiyası büdcəyə bir qədər köməklik etdi. Ilin sonuna qədər hazırkı vəziyyət qalsa, büdcə üçün daha yaxşı ola bilər. Çünki belə proqnozlar var ki, neftin qiyməti bir qədər düşə bilər. Bu isə büdcə üçün yaxşı hal deyil. Hər şey büdcə xərclərindən asılıdır. Əgər büdcə xərclərini azalda biləriksə, büdcə kəsirini həll etmək olar. Bu il investisiya xərclərini azaltmaq olar. Hazırda bu istiqamətdə iş də gedir. Bəzi iri layihələr gələn ilə saxlanılıb”.
Xəyal