ABŞ mətbuatı dünya futbol qurumundakı korrupsiya iddiaları ilə bağlı təhqiqat çərşivəsində FİFA prezidentinin fəaliyyətinin araşdırıldığını xəbər verir.
Xəbər 79 yaşlı Sepp Blatterin istefaya çıxmasını elan etdikdən bir neçə saat keçmiş yayımlanıb. Cümə günü FİFA konqresində Blatter 5-ci müddətə təşkilatın sədri vəzifəsinə seçilmişdi.
İstintaqa yaxın mənbələrə istinad edən The New York Times qəzetilə ABC News kanalı Blatterin araşdırmanın mərkəzində olduğunu bildirsə də, təfərrüatlara varmayıb.
Məlumata əsasən Blatterin fəaliyyəti ötən həftə FİFA rəsmilərinin saxlanılması ilə nəticələnən iş üzrə araşdırılır.
The New York Times qəzetinə danışan ABŞ mənbələri FİFA rəsmilərinin istintaqla əməkdaşlığa gedəcəyinə ümid etdiklərini bildiriblər. Mənbələr hesab edirlər ki, belə bir əməkdaşlıq Blatterə qarşı işin açılmasına zəmin yarada bilər.
Mayın 27-də İsveçrənin Sürix şəhərində ABŞ hüquq-mühafizəçiləri tərəfindən saxlanılan 7 yüksək rütbəli FİFA rəsmilərinə çirkli pulların yuyulması, reketçilik və fırıldaqçılıqda bağlı ittihamlar təqdim olunub.
ABŞ ədliyyə departamenti bildirib ki, məsələ ilə bağlı 14 nəfər istintaqa cəlb olunub.
Cinayət işinə cəlb olunanlar 1991-ci ildən bəri 150 milyon dollar məbləğində rüşvət almaqda ittiham olunurlar. Federal Təhqiqatlar Bürosu (FBİ) mətbuatda keçən məlumatları şərh etməkdən imtina edib. (BBC azeri)