REAKSIYA
Qəzetimizin 27 may sayında Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Ş.Allahverdiyev küçəsi, dalan 1, ev 34, mənzil 5 ünvanında yaşayan, ümumi səbəbdən II qrup əlil Ağayeva Gülnarə Ismayıl qızının növbədə olmasına baxmayaraq hələ də dövlət hesabına mənzillə təmin olunmadığı barədə dərc olunmuş yazıya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev münasibət bildirib.
“Gülnarə Ağayeva ümumi səbəbdən II qrup əlil kimi 2009-cu ildən Səbail rayon Icra Hakimiyyətində mənzil növbəsinə dayanıb. Diqqətinizə çatdırırıq ki, müvafiq qanunvericilik aktlarına əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sifarişi əsasında inşa olunan mənzillər yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş vətəndaşlar və şəhid ailələri üçün nəzərdə tutulub.
Ona görə də rayon (şəhər) IH-lərində növbəyə dayanmış ümumi səbəbdən əlilliyi olan şəxslərin, o cümlədən ümumi səbəbdən II qrup əlil G.Ağayevanın mənzillə təmin edilməsi ƏƏSMN-nin səlahiyyətlərinə daxil deyil".