Bu, hüquqları pozulan vətəndaşın dövlət başçısı Ilham Əliyevdən tələbidir
Bakı şəhəri Z.Xəliov küçəsi ev 69, mənzil 15 ünvanda yaşayan Sevda Süleymanova başına gələnləri ölkə başçısına çatdırmaq üçün onun qəbuluna düşmək istəyir. Bunun üçün prezidentə ünvanladığı teleqramların qəzetimiz vasitə ilə yayılmasını xahiş edir.
“Mən inanmıram ki, yazdığım məktub və teleqramlar ölkə başçısına çatmır, çatsaydı, mənim şikayətimə məhəl qoyulardı”.
Şikayətçi xanım ölkə başçısına müraciətində bildirir: “Cənab prezident, indi ölkədə gündəmi zəbt edən məsələlərdən biri də iqtisadi cinayətkarlıq nəticəsində bir çox banklardan külli miqdarda pulların mənimsənilməsidir. Mənim həyat yoldaşım da bu cür maxinasiyaların qurbanı olaraq 2 ildir məhbus həyatı yaşayır. Onu aldadanlar isə azadlıqdadır və mühüm dövlət vəzifələri tutur. Bu azmış kimi, susmağım, şikayətlər etməməyim üçün məni təhdid edir, hədələyirlər. Heç bir əsas olmadan polislər qanuni mülkümü əlimdən alıb. Bununla bağlı Daxili Işlər Nazirliyinə dəfələrlə müraciət etmişəm, nazirin qəbulunda olaraq ona sənədlər və faktlar olan disk də təqdim etmişəm”.
Sevda Süleymanova sonda prezidentdən əvvəlcədən əlbir olmuş həmin mütəşəkkil qruplaşmanın qarşısının alınmasını, onları himayə edənlər barədə tədbir görülməsini istəyir. Bizə surətini təqdim etdiyi teleqram bu sözlərlə bitir: “Cənab prezident, sizdən xahiş edirəm, mənim və ailəmin təhlükəsizliyini təmin etmək üçün həmin şəxslər barədə qanun çərçivəsində tədbir görəsiniz. Tədbir görmək mümkün deyilsə, mənim və ailə üzvlərimin Azərbaycan Respublikasının vətəndaşlığından çıxarılmağımızı təmin edəsiniz”.
Məktublar şöbəsi