Kənd təsərrüfatının bir şəxsə bağlılığı çıxılmaz durum yaradıb
Kəndlilər prezidentin işə müdaxiləsini tələb edir
Son günlər ölkədə aparılan sirli həbslər artıq kənd təsərrüfatını da dolu kimi vurmağa başlayıb. Sabirabaddan Moderator.az-a göndərilən şikayət məktubundan belə qənaətə gəlmək olur. Sabirabadın Zəngənə kəndindən sahibkar Əfras Əsgərov bu ili "kənd təsərrüfatı ili" elan edən dövlət başçısına məktub yollayıb. Məktubda deyilir:
Cənab Prezident! Mən Sabirabad rayonunun Zəngənə və Yolçubəyli kəndində 225 hektar pambıq əkmişəm. Buna görə də "CTZ- Aqro" MMC şirkətinin Sabirabad pambıq qəbulu məntəqəsi ilə müqavilə bağlamışam. Həmin məntəqə Sabirabad sakinləri ilə müqavilə əsasında 1400 hektar pambıq əkir. Bizim müqaviləyə əsasən əkinə nəzərdə tutulan xərclərin yarıdan çoxunu şirkət ödəməlidir. Torpaqların şumlanması, əkinin texnika ilə aparılması, becərilmə zamanı traktorlardan istifadə və mineral kübrələrlə təmin etmək şirkətin üzərinə düşür.
Cənab Prezident! Mart ayına qədər şirkət üzərinə düşən hər bir işi vaxtında yerinə yetirməsinə baxmayaraq Beynəlxalq Bankla bağlı yaranmış vəziyyətlə əlaqədar olaraq bizim əkinlərin maliyyələşdirilməsi dayandırılıb. Şirkət son üç ayda bütün işçilərin, o cümlədən traktorçuların əmək haqqını vermir. Biz çox böyük çətinliklə sahələrdə əkin aparmışıq və çıxış almışıq. Lakin özəl texnika sahiblərinə və dizel yanacağı satan stansiyalara xeyli borcumuz yaranıb. Hazırda becərmə işlərinin ən qızğın vaxtıdır. Son günlər aparılan həbslərdən sonra çox ciddi qeyri-müəyyənlik yaranıb. Becərmə işləri dayanıb və əkinlərimizin taleyinin necə olacağını bilmirik.
Cənab Prezident! Sizdən xahiş edirəm bu məsələyə təcili müdaxilə edəsiniz və müvafiq şəxslərə lazımi tapşırıqlar verəsiniz".
REDAKSİYADAH: Bu tipli məktublar və müraciətlər "Azadlıq" qəzetinə də gəlir. Əsasən pambıqçılıq rayonlarından – Sabirabad, Saatlı, İmişli, Beyləqan, Bərdə, Salyan və başqa bölgələrdən şikayətlər ara vermir. Şikayətçilər bu ilin kənd təsərrüfatı üçün "qara il" olduğunu deyirlər. Onlar ilin "kənd təsərrüfatı ili" adlandırılmasını da kəndlilərin ələ salınması kimi qəbul edirlər: "Qabaqkı illərdə bu qədər problemlər yox idi. Heç olmasa subsidiyanı, yanacağı, gübrəni vaxtında alırdıq. Əslində, açığı, 2015-in "kənd təsərrüfatı ili" elan olunmasına sevinmişdik, nəhayət, yada düşmüşük deyə fərəhlənmişdik də. Ancaq "sən saydığını say, gör fələk nə sayır" burda deyiblər. İndi qalmışıq çıxılmaz durumda, belə başa düşürük ki, kənd təsərrüfatımız Beynəlxalq Banka – Cahangir Hacıyevə bağlı imiş. Yəni bu imperiyanın başında o cılız oğlan dayanırmış. Bəs dövlət? Belə dövlət, dövlətçilikmi olur? Hər şeyin bir adama bağlanması nə deməkdir? Bəs telekanallardan bizə sırınan inkişaf nağılları hara getdi? Göydən heç nə düşmür axı. Bizim dolanışığımız torpaqdan çıxır, onu da bu günə qoyandan sonra neyləməliyik? Dövlət başçısının əlində belə çətin işdir ki, Cahangiri başqa bir Cahangirlə əvəz etsin? Heç olmasa öz qərarına – "kənd təsərrüfatı ili" qərarına hörmət qoysun. Bəlkə, qərarı kənd təsərrüfatını biryolluq məhv eləmək üçün verib? Desinlər, işimizi bilək, papağı günə yandırmayaq".
Sosial şöbə