«İnternetə girmirəm, 6 saat yatır, 1 saat kitab, 10 dəqiqə qəzet oxuyuram»
Katoliklərin dini lideri Papa Fransisk Argentinada nəşr olunan «Xalqın səsi» qəzetinə müsahibəsində maraqlı açıqlamalar verib. Papa bildirib ki, 25 ildir televizora baxmır, internetə isə ümumiyyətlə girmir. O, Papa olmadan əvvəlki həyatının bəzi məqamları üçün darıxdığını da deyib: «Küçələrə çıxmaq, orada rahat gəzmək üçün darıxıram. Yaxud da bir pizzaçıya gedib pizza yemək üçün».
Protokol şərtlərinin soyuq olduğunu dilə gətirən Papa ara-sıra qaydaları pozduğunu etiraf edib: «Küçələrdə ürəyim istədiyi kimi, gəzə bilməsəm də, Vatikanın qatı protokol şərtlərini zaman-zaman pozuram. Mənə haqlı olaraq distiplinli olmadığımı deyirlər. Protokol çox soyuqdur. Amma rəsmi işlərə özümü tam kökləyirəm».
Papa müasir dövrün ən böyük üç problemini belə sıralayıb – yoxsulluq, korrupsiya və insan alveri.
Bəzən mediada fikirlərinin konteksdən çıxarılaraq yayılmasından şikayətlənən Papa gün ərzində ən çoxu, 10 dəqiqə qəzet oxuduğunu bildirib. Gün ərzində 6 saat yatdığını, 1 saat kitab oxuduğunu, qalan vaxtını əsasən ibadətə həsr etdiyini açıqlayıb.
Futbolu və Argentinanın «San Lorenzo» klubunu sevdiyini deyən Fransisk oyunları izləmədiyini, hesabların hər həftə ona söylənildiyini bildirib.
Müsahibənin sonunda Papa «Necə xatırlanmaq istərdiniz» sualına cavab verib: «Yaxşı biri, yaxşılıq etməyə çalışan biri olaraq. Başqa bir gözləntim yoxdur».
Gültəkin