Namiq Məmmədov: «Elmdə yeni yanaşma elə həmin anda qəbul olunmur»
Araşdırmaçı Namiq Məmmədovun bu günlərdə təqdim etdiyi Şüa Qravitasiyası Nəzəriyyəsi mətbuat səhifələrində və sosial şəbəkələrdə müəyyən müzakirələr doğurub. Məsələ ilə bağlı bəzi məqamları aydınlaşdırmaq üçün nəzəriyyənin müəllifi ilə əlaqə saxladıq.
– Yazınız bir neçə gündür müxtəlif KIV-də və sosial şəbəkələrdə yayılır. Fərqli mülahizələr doğurur. Belə görünür tənqidi yanaşanların sayı da az deyil.
– Bu yeni yanaşmadır. Elmdə isə yeni yanaşma elə həmin anda qəbul olunmur. Bu məsələ ilə bağlı məhşurlardan birinin maraqlı deyimi var. Fikir təxminən belə səslənir. Yeni elmi ideyanın qəbulu üç etapdan keçir. Birinci etapda deyirlər ki, bu əsla mümkün deyil. Ikinci etapda deyirlər ki, mümkün ola bilər. Üçüncü etapda isə vurğulanır: bütün bunlar hamımıza məlum məsələdir ki! Şüa Qravitasiyası Nəzəriyyəsi də yeni yanaşma təklif edir. Maraqlıdır ki, obıvatel bu yanaşmanı daha asan qavrayır, nəinki fizikanın müxtəlif sahələri ilə məşğul olan alimlər. Başadüşüləndir. Alimlərin hər hansı məsələ ilə bağlı öz fikirləri, müəyyən mənada daşlaşmış, onilliklər boyu formalaşmış yanaşmaları var. Bu stereotiplərlə azacıq da olsa fərqli olan fikir mübahisəli görünür. Təklif etdiyimiz nəzəriyyənin əsas xətti cəmi bir sual və həmin suala verilən cavabdır. Sual belə səslənir: Niyə bütün növ elektromaqnit dalğaları və neytrinlər vahid sürətlə – işıq sürəti ilə yayılırlar? Baxmayaraq ki, ən müxtəlif fiziki-kimyəvi proseslər tərəfindən istehsal olunurlar. Bu sualın özünün qoyulmasını belə bəzi fiziklər süngü ilə qarşılayır. Arqument də bu olur: bunlar postulatdır, müzakirə predmeti deyil. Yəni fizikada qəbul olunub ki, sükunət kütləsi sıfıra bərabər olan hissəcik işıq sürəti ilə yayılır. Amma neytrinlərin və işıq sürətinə yaxın və ya bərabər sürətlə hərəkətdə olan betta hissəciklərin kütləsi var, dedikdə fiziklərin cavabı belə olur: bunlar xüsusi hallardır. Sual veririk, bəs bu xüsusi hallarda nə üçün sürət işıq sürətinə bərabər olur? Cavab belə olur: Siz yüzillik postulatların əleyhinə çıxırsınız. Gəlin məntiqi yanaşaq. Hər hansı hissəciyin, o cümlədən gözümüz önündə yenicə yaranan hissəciklərin hərəkəti varsa, bu hərəkət yalnız iki halda mümkün ola bilər. Ya bu hissəcik hansısa təkan nəticəsində ətrafa atılır, ya da hissəcikləri yayan, daşıyan sistem var. Sükunət kütləsi sıfıra bərabər olan və ya sıfırdan fərqli olan çöxlu növ hissəciklər eyni sürətlə hərəkət edirsə, “universal daşıyıcı sistem var” fikri daha məntiqlidir. Bizim irəli sürdüyümüz nəzəriyyə bu məntiqə əsaslanır. Hesab edirik ki ən müxtəlif xüsusiyyətli hissəcikləri də həmin daşıyıcı sistem yayır, qravitasiyanı da daşıyıcı sistemin tərkib hissəsi olan qravitasiya şüaları yaradır. Belə yanaşma qravitasiyanın gücünün həm cismlərin kütləsindən, həm də cismlərarası məsafədən asılılığı faktını çox asanlıqla izah edir. Qravitasiya amilinin qravitasiya şüaları ilə bağlanması, onlarla izahı olmayan fiziki prosesi məntiqi cəhətdən izah edir. Bu nəzəriyyə spiralvari qalaktikalardakı “anormal” sürət problemini, belə qalaktikaların daha parlaq yanmasını, qravitasiya linzalanması effektinin nəzəri hesablamalarla müqayisədə qat-qat daha böyük olmasını, işıq dualizmi problemini və s. izah edə bilir. Yəni cəmi bir anlayışın daxil edilməsi onlarla izahsız prosesi məntiqi cəhətdən izah edir.
– Dediklərinizi subut edə biləcək arqumentləriniz varmı? Hər hansı yenilik cidi arqument olmadan qebul edilmir. Hansısa fakt, eksperiment ortalığa qoyulmalıdır…
– Tamamilə doğrudur. Bu nəzəriyyə çərçivəsində eksperiment qoyulub. Nəticələri və qoyulma texnikası yazının tam mətni verilmiş saytda yerləşdirilib. Maraqlananlar GRAVPHYS.COM saytında baxa bilərlər. Eyni zamanda yeni eksperimentin detalları üzərində çalışırıq. Fiziklərə məlumdur ki, fəza, kosmos sadəcə boşluq deyil. Fəzanın müəyyən strukturda olmasını əksəriyyət qəbul edir. Bu hardasa efir məsələsini yeni kontekstdə gündəmə gətirir. Fəza boşluq deyilsə, strukturu varsa, deməli, planetlərarası, qalaktikalararası kosmosda heç nəyin olmaması fikri yanlışdır. Bugünkü fizikanın çox əhəmiyyətli hissəsi efirin yoxluğunu sübut edən Maykelson təcrübəsi üzərində qurulub. Amma bu təcrübə 130 il öncə baş tutub. O vaxtdan çox ciddi inqilabi texnoloji nailiyyətlər əldə olunub. Müasir texnoloji imkanlardan istifadə etməklə yeni kontekstdə təcrübə müxanizmi hazırlanır. O zamankı axtarışlar ölü efirin, hərəkətsiz efirin tapılması istiqamətində idi. Bizim yanaşmamıza görə isə dalğaların yayıldığı ölü efir yoxdur. Hissəcikləri yayan, bətnində işıq sürətinə bərabər sürət saxlanılan şüalar sistemi var. Planetlərin, ulduzların, hətta qalaktikaların hərəkəti bu şüalar sisteminə nəzərən baş verir. Belə yanaşma molekulyar səviyyədən tutmuş qalaktik miqyasa qədər hər yerdə mövcud olan total anizotropiya faktını anlamağa kömək edir. Hazırladığımız yeni eksperiment yer planetinin də adıçəkilən şüalar sisteminə nəzərən hərəkətdə olduğunu sübuta yetirməlidir.