Davudoğlunun müavini «Gülən camaatı»nı kərtənkələyə oxşatdı
Paralel dövlət qurmaq və «Gülən camaatı»na xidmət iddiası ilə həbs edilən 75 polis işçisi, həmçinin «Samanyolu» telekanalının rəhbəri Hidayət Karacanın məhkəmə qərarı ilə azadlığa çıxması Türkiyə məhkəmə sistemində gərginlik yaradıb. Hakimlər arasında İstanbul Məhkəməsinin bu qərarını ədalətli adlandıranlar da var, ona kəskin etiraz edənlər də.
Məsələ ətrafında yaşanan gərginliyə Türkiyə baş nazirinin müavini Yalçın Akdoğan da münasibət bildirib. Türkiyə mətbuatının yazdığına görə, «Kərtənkələnin quyruğunu kəsmək bəs etmir, kəsirsən, yenidən uzanır. Kərtənkələnin başını əzmək, ilanın başını qopartmaq lazımdır» deyən Akdoğan bu sözləri ilə «Gülən camaatı» və onun lideri Fətullah Gülənə işarə edib.
Seçki ərəfəsində müxtəlif oyunların qurulduğunu deyən Akdoğan son olayın hüquqi sabotaj olduğunu bildirib: «Bu adamları canlı bomba kimi ortaya atan başdakı o adamdan hesab sormaq lazımdır. Hüquqa onu qətl etməklə xidmət etmək olmaz. Bu, açıq şəkildə dövlətə, demokratiyaya və hüquqa meydan oxumaq cəhdidir. Buna imkan verə bilmərik. Türk milləti də imkan verməz. Əvvəldən demişik ki, bu, milli təhlükəsizlik məsələsidir. Amma biriləri anlamamaqda israr edir. Son yaşananlar da göstərdi ki, hüquq sistemi ilə də bağlı ciddi təhlükə var. Paralel quruluşla mübarizədə müxalifət bir dəfə olsun hökumətin yanında olmayıb. Təəssüf ki, hökumət, dövlət bu mübarizəni şəxsi məsələsi kimi davam etdirmək məcburiyyətindədir. Halbuki ortaq mücadilə aparılmalı idi».
Qeyd edək ki, sözügedən polislər 2013-cü ilin sonlarında həyata keçirilən «böyük rüşvət əməliyyatında» iştiraka görə həbs edilmişdi. Polislər qanunsuz dinləmə, çevriliş, terror təşkilatını idarə etmək və ona üzv olmaqda ittiham olunurdular. Məlum əməliyyat zamanı nazirlər, onların övladları, iş adamları və bir çox şəxslər haqqında rüşvət iddiaları səsləndirilmiş, internetdə o vaxtkı baş nazir Rəcəb Tayyib Ərdoğan başda olmaqla bir çox vəzifəli şəxsin gizli
səsyazıları yayılmışdı. Həmin vaxt Ərdoğan bütün bunların Fətullah Gülənin əli ilə həyata keçirildiyini, məqsədin Türkiyədə paralel dövlət qurmaq olduğunu bəyan etmişdi. Bütün rüşvət iddialarını yalanlayan Ərdoğan internetdəki səsyazılarını montaj və xain tələ adlandırmışdı.
Gültəkin