Aprelin 20-də Beyləqan rayonunun Mil qəsəbəsində yanğın baş verib. Fins.az-ın məlumatına görə, hadisə “CTS AQRO” şirkətinin “Beyləqan pambıq istehsalı və emalı zavodu”nun ərazisində baş verib. Ümumi sahəsi 1500 m2 olan talvarın altına yığılmış 200 ton pambıq tayasının 5 tonu yanıb.
Zavodun direktoru Fazil Hacıyev fins.az-a bildirib ki, yanğına səbəb kanalın qırağında qoyun otaran uşaqların qamışlığı yandırması olub. Güclü külək nəticəsində alovun qığılcımları pambıq tayasına düşüb. Lakin zavoda elə də böyük zərər dəyməyib. Pambıq tullantılarının bir hissəsi yanıb.
Zavod sığortalı olub
Fazil Hacıyevin sözlərinə görə, zavod "Azsığorta” şirkətində 200 min manat məbləğində sığortalanıb. Amma zavoda dəymiş zərərin məbləği kiçik, 500-600 manat civarında olduğundan şirkət sığortaçıya müraciət edib-etməyəcəyini hələ dəqiqləşdirməyib.