«AMAY Abdulla» mitinqləri dağıtması və müxalifətçiləri döydürməsi barədə ünvanına səslənən ittihamlara cavab verdi
“AMAY” Ticarət Mərkəzinin rəhbəri Abdulla Abdullayevin işi üzrə məhkəmə prosesi davam edir. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bu prosesdə iş üzrə zərərçəkmiş qismində tanınmış şəxslərin dindirilməsi mərhələsidir. Həmin adamların da böyük əksəriyyəti “Xudafərin” tikinti şirkətindən mənzil almış sakinlərdir.
Məhkəmədə ifadə vermiş zərərçəkmişlərin dediklərindən belə aydın olur ki, bina inşa edilsə də, müəyyən tamamlama işləri başa çatdırılmayıb. Bu səbəbdən onlar köçüb mənzillərində yaşaya bilmirlər. Amma aldığı mənzili artıq təmir etdirib, hazırda orada yaşadığı barədə ifadə verən zərərçəkmişlər də var. Məhkəmədə dindirilən zərərçəkmişlər Abdulla Abdullayevdən şikayətçi olmadıqlarını bildirərək, onun həbsdən buraxılmasının binadakı çatışmazlıqların aradan qaldırılması baxımından onlar üçün daha faydalı olacağını bildirirlər.
Məsələn, dünənki məhkəmə iclasında Sədaqət Əsgərova adlı zərərçəkmiş deyib ki, bina tikilib, sadəcə, tam təchiz olunmayıb: “37 min 200 manat ödəmişəm. Məni heç kim aldatmayıb. Korrupsiya Idarəsinə çağırıblar, getmişəm, şikayətim olmadığını demişəm”.
Abdulla Abdullayev isə hər dəfə zərərçəkmişlər dindiriləndə binanın təhvil verilməməsinin səbəbkarı kimi, Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Idarəsini göstərir. Dünən bir daha bu barədə danışan Abdullayev eyni zamanda, vaxtilə qoçu dəstələri vasitəsilə müxalifətin mitinqlərini dağıtması, müxalifətçiləri döydürməsi haqda səslənən fikirlərə də münasibət bildirib: “Zərərçəkənlər çox şeyi bilmirlər. O binanın tikintisinə 2002-ci ildə icazə alınıb, 2003-cü ildə tikinti başlanıb. Binanın 2005-ci ildə hazır olması nəzərdə tutulmuşdu. Amma 2004-cü ildə ”AMAY"ın “Gənclik”dən köçürülməsi başlandı. Buna görə də binanın tikintisində bəzi ləngimələr oldu. Adamlarıma dedim ki, binadan ev alanlara işlərin bir qədər ləngiyəcəyi haqda barədə məlumat versinlər. Çünki başımız “AMAY”ın yeni binasının tikintisinə qarışmışdı. 2006-cı ildən yenə tikinti davam etdi. Əsas işlər görüldü, tamalanmağa az qalmış – 2008-ci ildə bəzi müştərilər gecikmədən şikayət etdilər deyə, prokurorluq binaya həbs qoydu və tikinti dayandırıldı. Sakinlərə dedim ki, belə etməyin, bunun məndən çox sizə ziyanı dəyəcək. 2009-cu ildə son tamamlanma işləri aparıldı və yenə eyni vəziyyət yarandı. 2012-ci ildə yenidən binanı tamamlamaq istəyirdim. Əslində, hər şeyimi satıb Azərbaycandan getmək fikrinə düşmüşdüm. O vaxt – 1999-cu ildə getmişdim də. Azərbaycana “AMAY” işinə görə qayıtmalı oldum. Ona görə 2012-ci ildə binanı da satmaq istəyirdim. Əvvəlcə binadan ev alan imkanlı bir neçə nəfərə təklif etdim. Dedim ki, 20 milyon verin, binanı tamamlayın, qalan evlərdən xeyriniz də olacaq. Bir neçəsi gəldi ki, tamamlama işləri üçün 2 milyon toplamışıq, amma bunun üçün gərək firmanı bizim adımıza keçirəsiniz. Buna da mən razı olmadım. Çünki orada başqa payçılar da vardı. Binanın aşağı mərtəbələri qeyri-yaşayış sahələri üçün nəzərdə tutulmuşdu. Xəstəxana olmalı idi, proyekt də ona uyğun idi. Xəstəxananın lisenziyası da vardı. Dedim ki, istəyirsiniz bankdan sizin adınıza kredit götürüm, binanı tam hazır edək, həmin pulu da banka mən ödəyəcəyəm. Bu da alınmadı.
Nəhayət 2014-cü ildə iş icraçısı Azərlə danışdım, 6.5 milyona razılaşdıq binanın tam hazır olmasını. Dedim pulun əvəzinə evlərin sənədlərini verirəm, bir şərtlə ki, bina hazır olandan sonra pulu ilə həmin evləri səndən alacağıq. Üç aylıq iş qalmışdı. Binaya transformator, lift qoyulmuşdu, mənzillərə kabellər çəkilmişdi, mərkəzə birləşmə işləri qalmışdı. O binada hər şey yüksək səviyyədə nəzərdə tutulmuşdu. Bakıda ən böyük hovuz hövzəsini də mən tikmişəm. Fikirləşirdim ki, birdən su olmaz, sakinlər ən azı, iki ay susuz qalmasınlar. Bina həm də 10 bal zəlzələ üçün nəzərdə tutulub tikilmişdi, iki metr bünövrə qazılmışdı. O binada özümün də mənzilim vardı. Ekspert təyin etsəniz, özünüz də görərsiniz.
Allahsız danışmasınlar, müstəntiq o binaya 7 milyon 700 min manat smeta çıxarıb. Guya, bu qədər pul xərclənib. Kvadrata böləndə 130-140 manata düşür. Hesablayın o vaxtkı qiymətlərlə, görün başa gətirmək olardımı o qiymətə? Əlavə xərclər də var idi axı. Torpaq sahəsinə verilib, bunun vergisi var, başqa xərclər var. Mənə yalan danışmaq, xəyanət eləmək, kimisə aldatmaq yaraşmaz. Əvvəlki məhkəmələrimdə də demişəm ki, mən 25 il bu dövlətə xidmət etdim. Heç vaxt kimisə aldatmaq, xəyanət etmək fikrim olmayıb. Hərdən qulağıma çatır, bəzi qəzetlər yazır ki, Abdulla müxalifətçiləri döydürüb. Bir adam çıxıb desin ki, Abdulla məni döyüb. Yoxdur axı, olmayıb elə şey. Məni günahsız atmısınız içəri. Başqa adam olsa, dünyanı dağıdar, ağzına gələni danışardı. Amma mən danışmıram. Dövlətimin adına ləkə gətirmək istəmirəm. Çünki mənə gələn ləkə dövlətimə gələn ləkədir.
Nə isə, ötən il binanın tikintisini qurtarmaq istəyirdim. Tamamlama işləri ilə bağlı məsələni həll edib Irana getdim. Zəng etdilər ki, Korrupsiya Idarəsi Sahibkarlığa Kömək Milli Fondundan ayrılmış pulla bağlı iş başlayıb. Irandan Naxçıvana qayıdanda bir saat əsassız ləngitdilər məni sərhəddə. Gərək elə onda başa düşəydim ki, nə baş verir. Gəldim, bu dəfə də həbs etdilər, yenə binada iş qaldı.
Prokurorluq yalandan məlumat yayıb ki, guya mən həbs olunandan sonra 43 milyon ödənib. Halbuki, o pul əvvəldən ödənilib. Ittihamda ümumilikdə 48 milyon manat göstərilir. 40 milyon manat kredit 2012-ci ilə kimi ödənilib. 3 milyonu isə mən həbs ediləndən sonra qardaşlarım mənə demədən ödəyiblər. Ümumiyyətlə, bu işdə heç bir ittihamın əsası yoxdur. Ona görə də bu işə xitam verilməsini istəyirəm".
Bu iş üzrə məhkəmə prosesi aprelin 21-də davam edəcək.
Aytən