Mikrorayon sakinləri etiraz edir
Var-dövlət toplamaq uğrunda yarışa çıxan acgöz məmurlar ölkə boyu “hücum”a keçiblər. Ölkənin digər bölgələrindən fərqli olaraq Sumqayıtda daha da aqressivləşiblər. Bu halı hər gün “Azadlıq”a göndərilən şikayət məktublarında müşahidə edirik. 2011-ci ildə Sumqayıt şəhər IH başçısı təyin edilən Eldar Əzizovun özü ilə Gəncədən gətirdiyi “dəstə” Sumqayıtın altını-üstünə çevirir.
Sumqayıt şəhəri 11-ci mkr. sakinləri “Azadlıq”ın elektron poçtuna yazaraq bildirirlər: “Hörmətli redaksiya, bizim şikayətimizi qəzetiniz vasitəsilə prezidentə çatdırmağınızı xahiş edirik. Sumqayıtın keçmiş icra başçısı Vaqif Əliyev 2010-cu ildə təşəbbüslə çıxış edərək şəhərdə Z.Əliyeva adına parkın salınacağını bəyan etmişdi. V.Əliyevin işdən çıxarılması bu arzunun reallaşmasını arxa plana keçirdi. Həqiqətən də başçının seçdiyi ərazi park üçün məqsədəuyğun məkan idi.
Sumqayıtın Çerkassk (Çərkəzi) küçəsi və 11-ci mkr. arasındakı ərazi sovetlər dönəmindən şəhərin baş planına uyğun olaraq gələcəkdə istirahət parkı üçün nəzərdə tutulmuşdu.
“Sən saydığını say, gör fələk nə sayır” deyimi biz sumqayıtlıları məyus etdi. Əvvəllər ərazinin boş olmasından yararlanan biz, mikrorayon sakinləri, həmin yerdə meyvə ağacları və göy-göyərti əkib bəhrəsi ilə kasıbçılığı yola verirdik.
Gecənin birində min bir əziyyətlə becərib yaratdığımız bağlar buldozerin qabağına verilərək təmizləndi. Əhali qabaqcadan məlumatlı idi ki, ərazidə Z.Əliyeva adına park salınacaq. Parksalma dövlət proqramı olduğundan heç kim buna etiraz etməmişdi.
Çox keçmədi ki, ərazi Sumqayıtın imkanlı məmurlarına satılaraq yerində müxtəlif təyinatlı obyektlər inşa edilməyə başladı. Bununla gözləri doymayan, gözləri ayaqlarının altını görməyən şəhər rəhbərliyi Çerkaski küçəsinin əks tərəfində yerləşən sakinlərə məxsus qarajları da sökdürərək yerini təmizlədi. 3-4 hektarlarla qarajdan təmizlənmiş sahə sotu 10.000-15.000 dollardan imkanlı şəxslərə satıldı.
Şəhərin baş planı pozularaq evlər tikildi. Sumqayıt Icra Hakimiyyətinin bu kimi qanunsuz əməlləri adi hala çevrilib. Parklardakı çoxillik ağaclar qırılaraq yerində Bank, kafe, restoranlar tikilir.
Indiki halda gözünün odu alınmış biz sumqayıtlılar bu rəzalətə ancaq seyrçilik edirik.
Unutmasınlar ki, Qarabağda ilk dəfə Topxana meşəsinin qırılmasına etiraz olaraq 1988-ci ildə Sumqayıtda möhtəşəm mitinqlər başladı. Bu torpaq dəllalları Topxana meşəsinin harada yerləşdiyini belə bilmirlər. O halda təbiətə və xalqa qarşı bunlardan hansı təəssüfkeşliyi gözləmək olar. Bu zümrənin ancaq bir amalı var. Zəbt elə, yağmala, sat, pula çevir".
Şakir