Hökumət nədən Azərbaycandakı durumu ümumbəşəri problem sayır?
Bu ilin mart ayında Avro Bölgəsində inflyasiya illik bazada -0,1 faiz səviyyəsində baş tutub (deflyasiya). Avropa Statistika Ofisinin (Eurostat) ilkin məlumatlarına görə, 19 üzvü olan Avro Bölgəsində mart ayında inflyasiya illik bazada 0,1 faiz azalıb. Bazarlarda inflyasiyanın mart ayında illik 0,1 faiz azalacağı gözlənilirdi. Bundan əvvəlki göstərici -0.3% idi. Bölgədə mart ayında baza inflyasiya isə illik 0,6 faiz artıb. Mütəxəssislər, Avro Bölgəsində uzun müddətdir baş verən neqativ inflyasiya faizlərinin (deflyasiyanın) vahid valyuta ittifaqında deflyasiya təhlükəsinin davam etdiyini göstərdiyini bildirir.
Açıqlanan inflyasiya rəqəmləri Avropa Mərkəzi Bankının qiymət sabitliyini təmin etmək üçün hədəf seçdiyi 2 faiz səviyyəsindən olduqca aşağıdır. AMB sədri Mario Draghi, dövlət istiqrazlarının satın alınmasını da əhatə edən aylıq 60 milyard avroluq istiqraz alışı proqramına 9 martdan etibarən başladıqlarını açıqlayıb. Bu tarixdə başlayan sözügedən proqram çərçivəsində, Avro Bölgəsində qiymət sabitliyini təmin etmək və tələbi canlandırmaq hədəflənir.
Bəllidir ki, Azərbaycan iqtisadiyyatı əsasən neftdən gələn gəlirlər üzərində qurulub. Hökumət neftlə bağlı dünyada baş verən prosesləri əsas tutaraq ölkəmizin hazırkı iqtisadi mənzərəsini bununla bağlayır və bunu dünyanın ümumi dərdi kimi xarakterizə edir. Lakin yuxarıda qeyd edildiyi kimi, avrozonada inflyasiya həddi 0,1 faiz olaraq göstərilib və bu heç 1 faizə də demək deyil.
Iqtisadçı-ekspert Oqtay Haqverdiyevin qənaətincə, iqtisadiyyata 5 faizə qədər inflyasiya hətta lazım ola bilər. Ekspertə görə bu, qəbul olunmuş teoremdir. Çünki belə olan halda, iqtisadiyyatdakı proseslərdə aktivlik daha da yüksəlir: “Avropada iqtisadiyyatı illərlə balanslaşdırıblar və prosesləri tənzimləyə bilirlər. Azərbaycanda isə monopoliya mövcuddur və məsələləri dövlətin tənzimləməsi çox çətindir. Bizdə olan vəziyyətə görə prosesləri bazar iqtisadiyyatı özü tənzimləmir. Idxaldan asılılığa görə də vəziyyət belədir. Misal üçün, ölkəyə idxal olunan kərə yağının qiyməti uzaqbaşı 1 manata yaxın, yaxud 1 manat 50 qəpik ola bilər. Lakin satış vaxtı 6 manatdan 10 manatadək qiymət diktə edirlər. Yenə də bu məsələdə həmin monopolistlərin rolunun böyük olduğunu müşahidə edirik”.
Nigar