İran «altılıq» ölkələri ilə razılığa gələ biləcəkmi?
“Sazişə heç bu qədər yaxınlaşmamışdıq. Ancaq hələ həlli vacib olan həssas məqamlar var”. Bunu Avropa Birliyi Xarici Əlaqələr və Təhlükəsizlik Siyasətinin Ali nümayəndəsi Federika Mogherini Iranla nüvə danışıqlarını şərh edərkən deyib.
Danışıqlar Isveçrənin Lozanna şəhərində BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü (ABŞ, Çin, Rusiya, Ingiltərə və Fransa), Almaniya və Iran arasında aparılır. Müzakirələrdə Iranın nüvə proqramının məhdudlaşdırması müqabilində bu ölkəyə tətbiq olunan sanksiyaların ləğvi və bu kimi məqamlar üzərində dayanılır. Ilkin razılığa əsasən, anlaşma əldə olunarsa, 30 iyuna qədər müqavilənin mətni hazırlanıb təqdim edilməlidir.
Almaniya Xarici işlər naziri Frank Valter Ştaynmayer Iranla nüvə proqramı mövzusunda davam etdirilən danışıqlarda son mərhələyə gəlindiyini bildirib: “Iranla 12 ildir apardığımız müzakirələrə baxanda indi həlledici mərhələdəyik. Uzun sürən müzakirələrin son mərhələsi başlayıb”.
Iran XIN rəhbəri Cavad Zərif Ştaynmayer və fransalı həmkarı Laurent Fabius ilə görüşdükdən sonra bəyan edib ki, bütün məsələləri həll edəcək yekun müqavilənin mətnini yazmağa başlayacaqlar. Fabius isə bir qədər ehtiyatlı mövqe sərgiləyib: “Müəyyən mövzularda irəliləyiş var. Amma bəzi məqamlarda lazımi nəticəni əldə edə bilmədik”.
Britaniya Xarici işlər naziri Filip Hammond da müzakirələrin nəticəsi ilə bağlı mövqeyini açıqlayıb: “Razılaşmanın olacağına inandığımız üçün buradayıq. Bu saziş hər kəsin mənfəəti üçün olacaq. Razılaşma olmalıdır və bu məsələdə güzəşt ola bilməz. Iran dərin bir nəfəs alaraq bəzi çətin qərarlar qəbul etməlidir. Razılığa gələcəyimizə çox ümid edirəm”.
Iran prezidenti Həsən Ruhani nüvə müzakirələri ilə bağlı ABŞ prezidenti Barak Obama, həmçinin Rusiya, Çin, Ingiltərə, Fransa və Almaniya liderləri ilə təmasa keçərək bu fövqəladə fürsətin əldən buraxılmamasının vacibliyini qeyd edib. Həmçinin Irana tətbiq olunan bütün sanksiyaların ləğvini təklif edib.
Iranla “altılıq” ölkələri arasında nüvə müzakirələrinin 13-14 apreldə Istanbulda davam edəcəyi bildirilir.
Hafiz