Cəzaçəkmə müəssisəsindəki haqsızlığa etiraz olaraq, ağzını tikib aclıq etmək istəyən məhbusdan bir aydır xəbər yoxdur
Lida Mirzəliyeva: «Belə davam edərsə, oğlum ya öldürüləcək, ya da cəzası artırılaraq həbsdə saxlanılacaq»
Paytaxtın Qara Qarayev prospektindəki 1 saylı evin 71-ci mənzilində yaşayan Lida Mirzəliyeva oğlunun həbsxanada faktiki girov saxlanıldığını deyir. Lida xanım dövlət başçısı Ilham Əliyev də daxil olmaqla, müxtəlif güc strukturlarına ünvanladığı məktubda bu haqda yazıb. Ana məktubun surətini “Azadlıq”a da göndərib. Lida Mirzəliyeva yazır:
“Oğlum Elşən Paşayev 2005-ci il martın 10-da qanunsuz və əsassız olaraq Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə görə məsuliyyət nəzərdə tutan 120.1, 29, 120.2.7-ci maddələrilə təqsirləndirilərək, 12 il həbs cəzasına məhkum edilib. Ötən illər ərzində oğlumun təqsirsizliyini sübut etməyə çalışsaq da, heç bir nəticə əldə edə bilmədik. Əksinə, bu müddətdə oğlum həbsxanada işgəncələrə, təzyiq və təxribatlara məruz qalaraq incidilib. Həbsxana daxilindəki rüşvətxorluq, özbaşınalığın əzabını oğlumla yanaşı, biz özümüz də çəkirik. Ötən illər ərzində oğlumun həbsxanadan müvafiq orqanlara məktublar göndərməsinə qadağa qoyulub. Ağır maddi vəziyyətimiz daha da ağırlaşıb, hər şeyimizi sataraq ailəmizin ən vacib xərclərini ödəmişik. Gənc yaşında aldığı zərbə və ədalətsizlik oğlumun gələcəyə olan inamını sarsıtmayıb və o, böyük səbr və ümidlə azad olacağı günü gözləyib. Ümidimiz oğluma zorla yüklənmiş cəzanın 3/2 hissəsini çəkəndən sonra cəza növünün dəyişdirilməsinə qalıb. Amma bu məsələdə də bizi aldadıblar. Baş prokurorun Vüqar və Günel adlı köməkçiləri, Ədliyyə Nazirliyinin Cəzaların Icrasına Nəzarət Idarəsinin rəisi Malik Ələkbərovun verdiyi yalan ümidlər bizim üçün daha bir əzaba çevrilib. Oğlum cəzanın üçdə iki hissəsini çəkəndən sonra cəza növünün dəyişdirilməsi üçün Nizami rayon məhkəməsinə fasilələrlə altı dəfə müraciət edib. Hər dəfə də müraciətini geri götürməyə məcbur edilib. Qanunvericiliyin tələblərinə uyğun olaraq, cəzaçəkmə müəssisəsindən verilən xasiyyətnamə məhbusun işinə əlavə edilərək, məhkəməyə təqdim edilir. Bu xasiyyətnamə işə çıxan hakim və dövlət ittihamçısının bəhanəsinə çevrilib. Cəzaçəkmə müəssisəsi rəhbərlərinin də müsbət xasiyyətnaməni nəyin müqabilində verdiyi hamıya məlumdur. Mənim oğlum kimi kasıb, köməksiz məhbuslar isə qanunun onlara verdiyi vaxtından əvvəl azadlığa çıxmaq hüququndan yararlana bilmir. Baş verənlərlə bağlı hara şikayət məktubu yazırıqsa, müraciətlərimizi Ədliyyə Nazirliyi və Penitensiar Xidmətə yönəldirlər. Oradan isə bildirirlər ki, guya, daxili təhqiqatlar idarəsində araşdırılan şikayətimiz sübuta yetirilməyib. Halbuki, yazdıqlarımın doğru olduğunu – cəzaçəkmə müəssisələrində baş verən qanunsuzluqları elə həmin idarədə əyləşənlərin özləri də yaxşı bilir.
Oğlum bu il martın 2-də növbəti məhkəmə prosesi zamanı cəzaçəkmə müəssisəsi rəhbərliyinin onun barəsində məhkəməyə təqdim etdiyi saxta xasiyyətnaməyə etiraz edib. Bildirib ki, müəssisənin rəisi Rövşən Niyazov və onun yaxın ətrafı tərəfindən təzyiqlərə məruz qalır. Buna etiraz əlaməti olaraq, ağzını tikib müddətsiz aclıq aksiyasına başlaması barədə ərizə ilə müəssisə rəhbərliyinə müraciət edib. Lakin Niyazov ərizənin qeydiyyatdan keçirilməsinə icazə verməyib. Oğlumun ədalətsizliyə, rüşvətxorluğa etiraz olaraq həyata keçirdiyi aclıq aksiyası onun 15 sutka kars cəzası almasıyla nəticələnib. Müddət bitəndən sonra daha 15 sutka kars cəzası tətbiq edilib. Elə həmin gün oğluma Nizami rayon məhkəməsinin hakimi Ramil Həsənovun köməyilə 2 il qapalı həbsxana cəzası təyin edilib. Martın 2-dən oğlumdan məlumatımız yoxdur. O, uzun müddət aclıq aksiyası keçirdiyi üçün səhhətində ciddi problemlər yaranmışdı. Oğlumu bizdən gizlədirlər. Elşən sifarişli girovdur. Belə davam edərsə, cəzaçəkmə müəssisəsi rəhbərliyinin dediyi kimi, oğlum ya öldürüləcək, ya da cəzası artırılaraq həbsdə saxlanılacaq.
Cənab prezident, sizdən xahiş edirəm, Penitensiar Xidmətin rəisi Mədət Quliyev və Ədliyyə Nazirliyinin Cəzaların Icrasına Nəzarət Idarəsinin rəisi Malik Ələkbərovun təzyiqləri altında məhv olan oğluma yardımçı olun".
Sosial şöbə