Məhəmməd Talıblı: «Rusiyanın daxilində maliyyə resursluğu asıllığının artması, sanksiyanın təsirləri belə bir addımın atılmasını zəruri edə bilər»
Rusiyanın Federal Tarif Şurasının Bakı-Novorossiysk kəməri ilə neft nəqlinin tariflərini artırması bəzi suallar yaradır. Kəmərlə 1 ton neftin nəqlinə görə tarif 149,95 rubl (31 faiz) artırılacaq və ƏDV xaric 634,54 rubl (bu günə olan kursla təxminən 11 dollar) təşkil edəcək. Bu tarif Azərbaycan-Rusiya sərhədindən Novorossiysk limanına qədər qüvvədədir. Yanvarın 1-dən bu yana Azərbaycan neftinin şimal marşrutu ilə nəqli üçün tranzit haqqı 489,59 rubl təşkil edirdi.
Azərbaycan Bakı-Novorossiysk kəməri ilə 1997-ci ildən bu yana neft nəql edir. 2014-cü ildə SOCAR Novorossiysk limanından 932 min 155 ton neft yola salıb. Bu ilin yanvar-fevral aylarında isə şirkət kəmərlə 254 min 314 ton neft nəql edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 49,9 faiz çoxdur.
Azərbaycan neftinin Bakı-Novorossiysk kəməri ilə nəqli həmişə problemli və mübahisəli olub. Rusiyanın magistral neft kəmərlərinin operatoru “Transneft” şirkəti ilə bağlanmış müqaviləyə əsasən Azərbaycan bu kəmərlə ildə 5 milyon ton neft nəql etməli idi. Lakin Bakı-Novorossiysk kəməri ilə nəql edilən Azərbaycan neftinin həcmi heç vaxt bu həcmə çatmayıb. 2013-cü ilin mayında isə Rusiya hökuməti Bakı-Novorossiysk kəməri ilə neft nəqlinə dair bağlanmış müqaviləni ləğv etmək haqda qərar vermişdi.
Rusiyanın SOCAR-a münasibətdə belə bir addım atması maraq doğurur. Özü də bu qərar iki ölkə arasında münasibətlərin normal olduğu dönəmə təsadüf edir. Rusiyanın Qərbdən gələn sanksiyalarla üzləşməsi Azərbaycana olan ənənəvi münasibəti dəyişmişdi. Məhz sanksiyalardan sonra Kremldən Azərbaycan hakimiyyətinin ünvanına pozitiv mesajlar səslənmişdi. Amma SOCAR-a qarşı son qərar bir qədər anlaşılmır.
Indisə kiçik bir hesablama aparaq. Statistikaya görə, 2014-cü ildə SOCAR Novorossiysk limanından 932 min 155 ton neft yola salıb. Bu ilin yanvar-fevral aylarında isə şirkət kəmərlə 254 min 314 ton neft nəql edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 49,9 faiz çoxdur. Əgər 50 faizlik artım bütün ilə şamil edilərsə, bu, 2015-ci il üçün 1 milyon 500 min ton neftin nəqli deməkdir. Amma hər bir halda əgər 2015-ci ildə də bu kəmər ilə 2014-cü ildəki kimi 932 min ton neft yola salınacaqsa və hər ton üçün əlavə olaraq 11 dollar veriləcəksə, bu, SOCAR-ın 10 milyon 252 min dollar əlavə ödəniş deməkdir.
Iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, ümumiyyətlə, dünyada neft kəmərlərinin ötürmə həcmi hasilatın dəyişmə həcminə adekvat olaraq müəyyənləşmir. M.Talıblının fikrincə, Bakı-Novorosiyski kəmərindəki yüksək tranzit rüsumunun artımında bir neçə faktor rol oyanaya bilər: “Səbəblərdən biri bu kəmərlə ixrac həcminin təminən 50 faiz artması və bununla gəlirlərimizin də artmasıdır. Amma gəlir və hasilat artanda tranzit rüsumları artmır. Ikinci səbəb isə bu ola bilər ki, Rusiyanın daxilində maliyyə resursluğu asılılığının artması, sanksiyanın təsirləri belə bir addımın atılmasını zəruri edə bilər”.
M.Talıblı hesab edir ki, bir məqamı da unutmaq olmaz. Rusiya Novorosiyskidə “Azərilayt” markalı Azərbaycan neftini “Urals” markalı neftlə qataraq satırdı. “Azərilayt” markalı neftin isə “Urals”dan 5-7 dollar baha olması onların tranzitdə ortalama gəlirlilik səviyyəsini də yüksəldirdi: “Bu da bizim itkilərimiz, Rusiyanın isə qazancı hesab olunurdu. Nəyə görəsə, bütün bunlara görə Rusiyaya güzəştə gedilirdi.
Indi Rusiya açıq-aydın ticarət tərəfdaşı və tranzit ölkə kimi öhdəliklərindən imtina edir, zədələnmiş reputasiyasını bir az da bərbad günə qoyur. Azərbaycan tərəfi isə bunu susqunluqla yola verməli deyil. Xalqın neft gəlirlərinin hər senti üçün kompromissiz davranılmalıdır. Əgər bütün bunların üstündən sükutla keçilirsə, bu bizim bir dövlət olaraq maraqlarımızın xırdalanması anlamına gələr".
Xəyal