Hüquq mühafizə orqanları faktı niyə ört-basdır edir?
14 iyul 2014-cü ildə saat 12-23 radələrində Nizami rayonunda yaşayan Qarabağ əlilinin mobil nömrəsinə gizlin nömrədən zəng edən şəxs özünü Prezident Administrasiyasının(PA) işçisi kimi təqdim edib və sığorta ilə bağlı məhkəmə qərarını icra məmurunun gözünə soxmağını bildirib. PA rəsmisinin niyə gizlin nömrədən zəng etməsini soruşanda isə telefon anındaca qapadılıb.
8 aydır hüquq mühafizə orqanlarına PA adından dələduzluq faktının araşdırılması ilə bağlı müraciətlərə isə baxılmır. Nizami RPI-nin sahə müvəkkili, polis mayoru Elçin Islamov əlili çağırıb və bildirib ki, DIN-in müvafiq qurumuna verdiyi sorğuya cavab olaraq 16 iyul 2014-cü ildə saat 12-23-də sözügedən mobil nömrəyə zəng qeydə alınmayıb. Özbaşınalığa fikir verirsinizmi? Vətəndaş 14.07.2014-də ona gizlin nömrədən zəng edildiyini bildirir, sahə müvəkkili isə 16.07.2014-də edilən, daha doğrusu edilməyən zəng barədə sorğu göndərir. Bunu necə izah etmək olar? Fikrimizcə, polis zəng edəni müəyyənləşdirib və ənənəvi yolla cəzalandırıb. Ona görə də, ümumiyyətlə, dələduzluq faktının qeydə alınmadığını şikayətçiyə bildirib. Bu fikri sahə müvəkkilinin zəng edənin təhqirə yol verməməsi barədə dedikləri də doğrulayır. Qəribə məntiqdir, axı PA, yaxud digər dövlət, qeyri-hökumət qurumu rəsmisinin adından, özü də gizlin nömrədən vətəndaşa müraciət edilməsinin özü dələduzluq faktıdır. Polisin dələduzluq faktını təhqir olmaması adı ilə ört-basdır etməsində marağı nədir? Sahə müvəkkili təhqir olmadığını haradan bilir? Maraqlıdır ki, prokurorluq da polisin hərəkətindən edilən şikayəti elə polisin özünə göndərib. Polis isə yenə də susur…
Doğrudan da, niyə PA adından dələduzluq halları geniş yayılıb? Bəlkə, prokurorluğun öz vəzifəsini polisin üzərinə atmasına görə…
M.Ağsu