“Son ayların Azərbaycan iqtidarı üçün ən ciddi uğuru icraçı olaraq Əli Həsənov və onun sahəsi ilə bağlıdır”. Bu sözləri Pənah Hüseyn “Yeni Müsavat”a açıqlamasında bildirib. “Fakt ondan ibarətdir ki, ABŞ hakimiyyətinin nümayəndəsi Nulandın Bakıya səfəri zamanı Azərbaycana münasibətin ən mühüm elementi kimi hakimiyyətlə vətəndaş cəmiyyəti arasında dialoqun mövcudluğu vurğulandı.
Politoloji leksikonda vətəndaş cəmiyyətinin ən mühüm spektrlərindən birini siyasi partiyalar təşkil edir. Son dövrdə iqtidarın vətəndaş cəmiyyətinin digər çevrələri ilə yadda qalan elə bir təmasım olmadığından, məncə, Nuland siyasi partiyalarla görüşü nəzərdə tuturdu.
Əgər belədirsə, son ayların Azərbaycan iqtidarı üçün ən ciddi uğuru icraçı olaraq Əli Həsənov və onun sahəsi ilə bağlıdır. Hərçənd ki, Əli Həsənov bu görüşləri birbaşa Ilham Əliyevin göstərişi ilə həyata keçirdiyini bəyan edib və bunun başqa cür olması da Azərbaycan kimi siyasi sistemlərdə mümkün deyil”,- deyə Pənah Hüseyn vurğulayıb.