Neftin dünya qiymətiylə bağlı proqnozlar əməlli-başlı təşvişə səbəb olur. Bugünlərdə xəbər yayılıb ki, yaxın həftələrdə Brent və WTI markalı neft 30 dollara qədər ucuzlaşa bilər. Buna səbəb kimi də neft anbarlarının dolması göstərilir.
Belə bir proqnozla “Bank of America”nın ekspertləri çıxış edib. Bankın rəhbər şəxslərindən olan Fransisko Blanş qeyd edib ki, gündəlik tələbat təxminən 1,4 mln bareldir. Onun sözlərinə görə, anbarlarda yer dolsa, bu dərhal qiymətə təsir edəcək.
Amerikanın Neft Institutunun məlumatına görə, ABŞ-ın neft ehtiyatları son bir həftədə 8,9 mln barel artaraq 437 mln barelə çatıb.
Maraqlıdır, neftin qiyməti 60 dollar civarında olduğu bir zamanda Azərbaycan əhalisi dözülməz sosial-iqtisadi durumda yaşayırsa, neft 30 dollara düşsə, vəziyyət necə olacaq? Bu məqam vətəndaşlarımızın gündəlik həyatında daha ağır formada əks etməyəcəkmi?
Iqtisadçı-ekspert Oqtay Haqverdiyev yada salır ki, neftin qiyməti ilin sonuna kimi hətta 60 dollarla qalsa, rəsmi tərəf büdcənin 6-7 milyard itirəcəyini bildirib. Bu mənada neft 30 dollara düşsə, dövlət büdcəsi demək olar ki, qalmayacaq. Ekspert bununla belə, neftin 30 dollara düşməsini utopiya adlandıraraq bunu mümkün olan məsələ saymır:
“Belə bir şey mümkün deyil və ola bilməz. Manatın məzənnəsini aşağı salmaqla büdcəyə vergi rüsumlarının artırılmasını təmin etmək istəyirdilər. Manatın kütləsi artanda büdcənin problemləri həll oluna bilər. Neftin qiyməti büdcədə 90 dollarla hesablanıb 60 dollarla satılırsa, bu yol həmin fərqi bağlamaq üçün seçilib. Neftin qiyməti 60 dollardan olanda bu qədər vəsait itirilirsə, qiymətin 30 dollar olması artıq fəlakət deməkdir. Bu halda büdcədə müəyyən problemlər yarana bilər. Belə məqamda güman ki, valyuta ehtiyatları köməyə gələ bilər. Lakin bu il seçki və s. tədbirlər ili olduğu üçün hesab edirəm sosial sıçrayış olmaz”.
Nigar