Yaxud, 87 yaşlı qadını böhtançıya çevirmək cəhdi
Çoxdandır ki, Azərbaycanda “məhkəmə” anlayışı, “məzhəkə” ilə əvəzlənib. Çünki, ölkədə hüquq sistemi iflic vəziyyətə salınıb, müstəqil vəkillər, hakimlər sıradan çıxarılıb və sifarişlə istənilən şəxsi şərləyib həbs etmək mümkündür.
Xüsuilə də siyasi xarakterli məhkəmələrdə “Oskar” mükafatı ala biləcək filmlərin ssenarisi yazılır. Heç bir cinayəti sübut olunmadığı halda, əksinə, günahsızlığı sübut edilən şəxslərin ağır cəzaya məhkum edilməsi adi hal alıb. Məhz bunun nəticəsidir ki, Azərbaycanda 100-ə yaxın siyasi məhbus var. Ümumiyyətlə isə qanunsuz, sifarişli hökmlərin qurbanı olan minlərlə ölkə vətəndaşı var. Bəlkə də yarış keçirilsə, Avropa Məhkəməsindəki işlərin sayına görə Azərbaycan rekord vurar.
Ən dəhşətlisi isə budur ki, hakimiyyət hər məhkəmə prosesində böhtançı qismində çıxış etdiyini təsdiqləmiş olur. Ittihamlar o qədər absurd və qeyri-peşəkar olur ki, adamları zorla “zərərçəkən” edirlər. Zərərçəkən kimi tanınan insanlar isə buna etiraz edir, zərər çəkmədiyini bildirir. Məsələn, hüquq müdafiəsçisi Rəsul Cəfərovun məhkəməsində zərərçəkmiş qismində tanınan adamlar israrla bundan imtina edirlər və onlara böhtan atıldığını bildirirlər. Hökumət isə israrla dirənib ki, siz zərərçəkən olmalısınız. Yaxud, Xədicə Ismayıla qarşı şikayətindən imtina etmiş Tural Mustafayev yoxa çıxdı və bugünə qədər də heç bir məlumat verilmir. Halbuki bu addımdan sonra Xədicə Ismayıl azad edilməliydi. Amma yuxarıda qeyd etdiyimiz kimi bu həbslər hakimiyyətin sifarişidir və bütün ifşalara baxmayaraq geri çəkilmirlər.
Son baş verənlər isə xüsusən iyrəncdir və qisasçılığın son həddidir. Belə ki, Milli Şuranın sədri Cəmil Həsənlinin qızı 1 il öncə özünə məxsus KIA avtomobili ilə 86 yaşlı qadına xəsarət yetirmişdi. Bundan sonra həmin qadın dərhal xəstəxanaya çatıdırılır və rentgen müayinəsindən sonra məlum olur ki, heç bir sınıq, çıxıq yoxdur. Amma Cəmil Həsənlinin qızı yaşlı qadına bütün zəruri yardımları göstərir və bugün də çox isti münasibətləri var.
Amma hökumət hadisədən xəbər tutan kimi, 1 il keçməsinə baxmayaraq, Ədilə Səlimovanı tapır və ona məcburən izahat yazdırırlar. 87 yaşlı qadın bunları söyləyir: “Polis Idarəsində mənə dedilər şikayətçi olacaqsan. Mən də dedim ki, heç bir yerim əzilməyib. Şükür Allaha, ayağımla çıxmışam bura, ayağımla düşmüşəm. Polis dedi, şikayətçi olmasan, məsuliyyət daşıyacaqsan. Axı nəyə görə mən xalqın uşağına böhtan atım? Yaxşı deyil axı mənim üçün. Vaxt gələcək bir qarış yerə qoyulacam, qəbiristanlığa gedəcəyəm. Mən necə cavab verərəm”.
Yaşlı qadının bu fikirlərindən sonra hakimiyyətin mənəvi çəkisi bir daha aydın şəkildə görünür. Bəli, bu hakimiyyət yaşlı insana ləyaqətlə ölməyi də, axirətini düşünməyi də qadağan edir. Bu qadını məcbur edirlər ki, ömrünün son çağında şər-böhtan desin, yamanlıq etsin. Bir qadının heysiyyəti ilə bu qədər oynamaq, 87 yaşlı qadını həbslə təhdid etmək, qeyri-insani davranışdır və iyrənc hərəkətdir.
Cəmil Həsənliyə qarşı hakimiyyətin nifrəti o qədər böyüyüb ki, onu qızı ilə sınağa çəkməkdən, yaşlı bir qadını işverənə çevirməkdən də çəkinmirlər. Hakimiyyət zorla “zərərçəkən” axtarır. “Zərərçəkən” isə “zərərvuran”la dostdur, rəfiqədir.
Baş verənlər mübarizə forması deyil, mənəviyyatsızlıq, ləyaqətsizlikdir. Heç olmasa 87 yaşlı qadına vicdanı rahat yaşamağı çox görməyin. Bu illər ərzində yüksək pensiya, qayğı görməyən qadına, ən iyrənc iş tapşırmaq qərarına gələnlər yalnız lənətə layiqdirlər.
Azad