Dövlət başçısı keçən il kredit faizlərinin azaldılmasına dair xüsusi göstəriş veribmiş
Oqtay Haqverdiyev: «Məsələnin rəsmi fərmanla gündəmə gətirilməsi problemin olduğunu söyləməyə əsas verir»
Gündəmin əsas mövzularından biri də bank faizlərinin aşağı salınmasıyla bağlı müzakirələrdir. Dövlət başçısının bank faizlərinə dair müşavirədə son çıxışından əvvəl millət vəkilləri bank faizlərinin kifayət qədər yüksək olduğunu bəyan etmişdilər.
YAP rəhbərliyinə daxil olan Siyavuş Novruzov hətta belə bir müqayisə aparmışdı ki, bank faizlərini vermək üçün gərək ya narkotik alveri ilə ya da silah qaçaqmalçılığı ilə məşğul olmaq lazımdır. Parlamentdə oxşar açıqlama Cavid Qurbanovdan da gəlmişdi. O da bank faizlərinin boğucu olmasından danışmışdı.
Dövlət başçısının çıxışından sonra bank faizlərinin aşağı salınmayacağını bəyan edən Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov da vaxt var idi ki, fərqli fikirdə idi.
E.Rüstəmov parlamentdə 2014-cü ilin büdcə layihəsinin müzakirəsi zamanı bildirmişdi ki, istehlak kreditlərinin faizi aşağı salınmalıdır:
“Avtomobil kreditləri 14 faiz, ipoteka kreditləri isə 4-8 faizdir. Ancaq istehsal kreditləri 35-36 faizə çatır, bunlar isə tam təminatsızdır, çox sadələşdirilmiş kreditdir, hətta telefonla həll olunur. Təbii ki, bankları müdafiə etmək fikrində deyiləm. Əmanətlər üzrə orta faiz 9,6 faizdir, bu da olduqca böyük göstəricidir. Əhalimiz öz əmanətlərini olduqca yüksək fazilə verirlər. Bu əmanətlərin miqdarı yarım milyard olacaq. Bankların isə əldə edəcəyi gəlirlər 430 milyon manat civarındadır”.ÿ
O zaman faiz dərəcələrinin aşağı salınması istiqamətində tədbirlərin görüldüyünü söyləyən MB sədri, biznes kreditləri üzrə faiz dərəcələrinin birrəqəmli həddə endirilməsi üçün maliyyə naziri ilə müzakirələrin aparıldığını vurğulamışdı: “2015-ci ildə kredit faizlərinin aşağı salınması üçün ciddi addımlar atılacaq. Ancaq məcburi yolla faiz dərəcələrinin aşağı salınması heç cür mümkün deyil. Bu varianta gedən ölkələr problemlər yaşayıb. Azərbaycan hökumətinin əlində imkanlar var ki, bu məsələni sırf iqtisadi yolla tənzimləsin”.ÿ
Amma hazırda E.Rüstəmov faiz dərəcələrinin aşağı salınmasını yolverilməz sayır. Onun fikrincə, hazırda belə bir addımın atılması ciddi fəsadlara səbəb ola bilər.
Amma mətbuatda gedən bu müzakirələr zamanı maraqlı bir detal da üzə çıxıb. Məlum olub ki, 2014-cü ilin dekabr ayında Ilham Əliyevin imzaladığı “2015-ci il dövlət büdcəsi haqqında” qanunun tətbiqi barədə fərmanda kredit faizlərinin azaldılmasına nail olunması ilə bağlı xüsusi göstəriş verilib. Fərmanla Mərkəzi Banka (MB) kommersiya banklarının kreditləri üzrə, eləcə də kreditlər və tənzimləyicinin uçot dərəcəsi üzrə faiz dərəcələri arasında fərqin azaldılması ilə bağlı faiz dərəcələrinin aşağı salınması barədə tədbirlər görmək tapşırılıb. Fərmana uyğun olaraq, MB 6 aydan bir dövlət başçısını görülən işlər barədə məlumatlandırmalıdır.
Qeyd edək ki, I.Əliyev bu fərmana qədər də kredit faizlərinin aşağı salınması barədə bir neçə dəfə MB rəhbərliyinə tapşırıqlarını verib. Amma bu istiqamətdə ciddi irəliləyiş yoxdur.
Iqtisadçı ekspert Oqtay Haqverdiyev Modern.az-a açıqlamasında deyib ki, Mərkəzi Bank faiz məsələsinə mütləq baxmalıdır: “Bank faizləri qanunla sərbəstdir. Hər bir kommersiya bankı istədiyi kredit faizini müəyyənləşdirir. Mərkəzi Bankın verdiyi kredit resursları 10 faiz tənzimlənir. Əlbəttə, Mərkəzi Bank bu məsələyə mütləq baxmalıdır. Mərkəzi Bankın verdiyi kredit resursları 3,5-5 faizlədir. Mərkəzi Bank bircə bu faizi tənzimləyə bilir. Kommersiya banklarının hüquqi və fiziki şəxslərə verdiyi kreditləri isə özləri təyin edir. Mərkəzi Bank öz səlahiyyətinə uyğun olaraq kommersiya banklarına təsir göstərə bilər”.
Ekspertin fikrincə, Mərkəzi Bankın müdaxilə etməməsi anlaşılmazdır: “Bunu hansı səbəblərə görə etmir, ya edə bilmir, bu qaranlıq qalır. Dövlət başçısının də məsələni rəsmi fərmanla gündəmə gətirməsi problemin olduğunu söyləməyə əsas verir”.
Millət vəkili Vahid Əhmədov da hesab edir ki, bank faizlərinin aşağı salınması vacibdir. Onun fikrincə, o dəfələrlə təklif edib ki, bankirlərlə birgə parlamentdə bu problemdən çıxış yolları müzakirə edilsin: “Təbii ki, müəyyən mexanizmləri işə salmaq lazmdır. Prezident də məhz bu mexanizmlərin işə salınması barədə göstəriş verib. Bir də axı bu banklar özbaşına yaranmayıb ki. Onların hamısı açıq demək lazımdır ki, dövlət vəsaiti hesabına yaradılıb. Bəs niyə həmin banklar Azərbaycanın belə bir həssas vəziyyətində həmin vəsaiti gətirib real sektora qoymurlar ki, sahibkarlara da aşağı faizlərlə kreditlər verilsin? Biz də bunu istəyirik, başqa şey istəmirik ki. Biz demirik ki, inzibati yolla banklara təzyiq edilsin ki, sən kreditləri filan faizlə verməlisən. Amma gəlin oturub araşdıraq görək vəziyyəti necə nizamalaya bilərik”.
Hikmət