Vəkil Adil İsmayılov jurnalistin işi üzrə istintaqı darmadağın etdi
Jurnalistin həbsinin əvvəlcədən planlaşdırıldığı, iş materiallarındakı saxtakarlıq faktları bir daha ifşa olundu
“Azadlıq” qəzetinin şöbə müdiri, peyklə yayımlanan “Azərbaycan saatı” proqramının aparıcısı Seymur Həzinin işi üzrə təxminən iki aydır davam edən məhkəmə prosesi zamanı jurnalistin vəkilləri ittiham tərəfinin sübutlarını darmadağın etdilər. Bununla belə, bu işdə araşdırılmasına ehtiyac duyulan bir xeyli məsələlər, o cümlədən ziddiyyətlər var. Baxmayaraq ki, bu iş üzrə artıq məhkəmə istintaqının başa çatdığı elan olunub, hətta dövlət ittihamçısı çıxış edərək Seymur Həziyə 6 il həbs cəzası da istəyib, dünənki məhkəmə iclasında vəkil Adil Ismayılov məhkəmə istintaqının təzələnməsi haqda vəsatət qaldırdı.
Vəkil vəsatətini ciddi şəkildə əsaslandırdı: “Seymur Həziyevin heç bir cinayət törətmədiyi bu məhkəməyə qədər ən azı, bizə məlum idi. Çünki Seymur hadisənin necə baş verdiyini bizə danışmışdı. Hadisədən təxminən 20 gün sonra onunla Məhərrəm Həsənov arasında üzləşmə keçirildi və Seymurun dediklərinin həqiqət olduğu bir daha təsdiqləndi. Bizə aydın oldu ki, Məhərrəm Həsənovun ümumiyyətlə, ”facebook”dan anlayışı yoxdur. Sadəcə, Seymuru dava-dalaşa təhrik etmək üçün “facebook” bəhanəsindən istifadə olunub. Bu münaqişə əvvəlcədən planlaşdırılmış əməliyyat olub. Məqsəd də təbii ki, Seymuru həbs etmək idi. Məhkəmə prosesində biz Seymurun təqsirsizliyini sübut etdik, hərçənd, bu, bizim vəzifəmiz deyildi. Ittiham tərəfi onun təqsirli olduğunu sübut etməli idi. Bunu da edə bilmədi. Əslində, bu halda, dövlət ittihamçısı çıxışında ittihamdan imtina etməli idi. Mən xəyalpərəst deyiləm, realistəm. Bununla belə, dövlət ittihamçısının bütün bu baş verənlərdən sonra Seymur Həziyevə 6 il həbs cəzası istəməsini gözləmirdim. Dövlət ittihamçısının çıxışından sonra bir daha əmin oldum ki, bu, Seymur Həziyevə qarşı kampaniyadır. Həmin çıxış da bu kampaniyanın tərkib hissəsi idi. Məhkəmənin də bu kampaniyaya qoşulmayacağına heç bir ümid yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 340-cı maddəsinə əsaslanaraq, məhkəmə istintaqının təzələnməsini xahiş edirəm. Hərçənd, hesab edirəm ki, məhkəmə heç bir əlavə araşdırma aparmadan da, indiyədək araşdırılan sübutları nəzərə alıb Seymur Həziyevin barəsində bəraət hökmü çıxara bilər. Çünki məhkəmə prosesi boyunca istintaqın bütün sübutları alt-üst edildi. Istintaqın elə bir qanuni sübut yoxdur ki, hökmdə ondan istifadə olunsun. Məsələn, cinayət işinin materiallarından görünür ki, hadisə avqustun 29-da saat 12.30-da baş verib. Cinayət işinin başlanması barədə qərarda vaxt yazılmayıb, halbuki, qanun vaxtın göstərilməsini tələb edir. Güman edək ki, cinayət işi saat 13.00-da başlanıb. Çünki hadisə yerinə baxış protokolundan görünür ki, 13.10-da Abşeron Rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi Bilal Nəbiyev, müstəntiqlər Fuad və Eldənizlə birlikdə Ceyranbatanda hadisə yerini müayinə ediblər. Hələ o tərəfini qoyuram bir kənara ki, Seymur Həziyevlə Məhərrəm Həsənovun dava-dalaşı, polislərin onları saxlayıb Ceyranbatandan Abşeron Rayon Polis Şöbəsinə aparması, müstəntiqlərin oradan qayıtması nə qədər vaxt aparır. Cinayət işi başlanana qədər lazım olan addımların heç biri atılmayıb. Nə Seymurun, nə Məhərrəmin, nə də onları gətirən polislərin izahatı alınıb, nə ekspertizaya göndərilib. Polislər də məhkəmədə ifadə verərkən dedilər ki, aparıb Məhərrəmlə Seymuru şöbəyə təhvil verib qayıdıblar, həmin gün izahatları alınmayıb. Guya, istintaq həm Məhərrəmin qanlı, həm də Seymurun qolu cırılmış köynəyinə baxış keçirib. Bəs o zaman sonrakı istintaq hərəkətləri zamanı onların əynində həmin köynək necə olub? Baxış protokolunda imzası olan polis əməkdaşı da məhkəmədə ifadəsində dedi ki, onun yanında köynəklə bağlı heç bir istintaq hərəkəti aparılmayıb.
Ceyranbatanda hadisə yerinə baxış protokolunda göstərilib ki, 29 avqust saat 13.10-da başladı, 13.35-də yekunlaşdı. Məhərrəm Həsənovun dindirmə protokolundan isə belə görünür ki, həmin gün saat 13.30-da Bilal Nəbiyev Xırdalanda onu dindirirmiş? Bu necə ola bilər?
Seymurdan nəinki ifadə, heç izahat almadan, ekspertiza keçirmədən onun şübhəli şəxs qismində saxlanılması barədə qərar çıxarılıb. Saat 14.40-da Seymur Həziyevin tutulması haqda qərar çıxarılıb. Amma Seymura bu qərar, eləcə də hüquq və vəzifələri saat 14.30-da – qərar çıxarılmamışdan 10 dəqiqə əvvəl elan olunub.
Işi aparan müstəntiq yazır ki, Seymur Məhərrəm Həsənovun başına butılka vurduğunu etiraf edib. Amma işdə belə bir ifadə yoxdur. Deməli, ya Seymurun adından yalan yazılıb, ya da onun başqa bir ifadəsi də olub, amma iş materiallarında yoxdur.
Bütün bu sadaladığım pozuntular, ziddiyyətlər əsas verir ki, cinayət işinin materialları etibarsız sayılsın.
Bundan başqa, Seymur Həziyev 26 mart 2011-ci ildə oğurlanıb döyülməsi faktı ilə bağlı başlanmış cinayət işi var. Martın 26-da baş vermiş fakt üzrə cinayət işi aprelin 30-da başlanıb. Sonradan “cinayəti törətmiş şəxslərin tapılması mümkün olmadığından” həmin iş üzrə istintaq dayandırılıb.
Necə olur ki, Seymur Həzi oğurlanıb döyüləndə hadisədən bir aydan da çox keçəndən sonra cinayət işi başlanır, bu işdə isə nəinki günlər, heç bir saat keçməmiş?!
Bizim məhkəmədə araşdırılmasını istədiyimiz əsas məsələ Məhərrəm Həsənovun “facebook”dan istifadə etməyi bacarıb-bacarmadığının, həmçinin onun iddia etdiyi kimi, Seymura məktub yazıb-yazmadığının müəyyənləşdirilməsi idi. Təəssüf ki, nə istintaq, nə də məhkəmə bunu araşdırmadı. Məhkəmə bu haqda vəsatətimizi təmin etmədi. Bizim öz araşdırmalarımızdan məlum oldu ki, “facebook”da “Maharram Hasanov” adlı, doğum ili və günü də Məhərrəm Həsənova uyğun gələn bir istifadəçi olub. O səhifə bu hadisədən iki ay əvvəl açılıb. Məhkəmədə Məhərrəm Həsənov dedi ki, “facebook” səhifəsini bağlamayıb. Amma həmin səhifə bir müddət əvvəl bağlanıb. Bu da onu sübut edir ki, səhifəni Məhərrəm Həsənov yox, başqaları idarə edib. Məhkəmə də bu məsələni araşdırmadı. Qanunun tələbinə görə, işdə olan şübhəli hallar təqsirləndirilən şəxsin xeyrinə yozulmalıdır. Əgər onun “facebook”la bağlı dedikləri şübhə yaradırsa, deməli, onun ifadəsi əsasında Seymura qarşı ittiham irəli sürülə bilməz.
Bundan əlavə, məhkəmədə sübut olundu ki, maddi sübutlara baxış keçirilməyib. Hadisə yerinə baxış prtokolunda hal şahidi kimi imzası olan şəxslər məhkəmədə ifadələrində bildirdilər ki, onlar baxış keçirilməsini, şüşə qırıntıları tapılmasını görməyiblər. O da məlum oldu ki, Abşeron Rayon Polis Şöbəsinin Fuad və Eldəniz adlı müstəntiqləri də orada iştirak edib. Hansı qisimdə – bilinmədi. Məhkəmə də o müstəntiqləri dindirmədi. Hesab edirik ki, istintaq təzələnməli və o müstəntiqlər də çağırılıb dindirilməlidir.
Bilal Nəbiyev burada ifadə verərkən dedi ki, hadisə yerindən tapılmış şüşə qırıntıları zərfə qoyulub və şöbədə saxlanılır. Fikrimizcə, həmin maddi sübuta da baxış keçirilməlidir. Çünki hal şahidləri bildirdilər ki, onlar heç bir zərfin üstünə imza atmayıblar. Bilal Nəbiyev isə iddia edir ki, onlar şüşə qırıntıları olan zərfi imzalayıblar. Gətirilsin, biz də baxaq.
Hadisə yerinə baxış protokolunda davanın yeri düzgün əks olunmayıb. Hadisə şosse yoldan Ceyranbatan qəsəbəsinin içinə mərkəzinə doğru gedərkən yolun sağında baş verib, prtokolda isə şüşə qırıntısının yolun solunda yerləşən evin qarşısından tapıldığı göstərilib. Yolun solundan tapılmış şüşənin yolun sağındakı hadisəyə nə aidiyyəti var? Hesab edirik ki, məhkəmə özü də hadisə yerinə baxış keçirib, müəyyən məsələləri aydınlaşdırmalıdır. CPM-nin 135-ci maddəsi də buna imkan verir.
Bundan başqa, iş üzrə rəy vermiş ekspertin məhkəməyə dindirilməsini, Məhərrəm Həsənovun telefon danışıqları haqda məlumat almaq üçün müvafiq mobil operatora sorğu verilməsini xahiş edirik.
Bütün bu qeyd olunanları nəzərə alaraq, hesab edirik ki, mütləq məhkəmə istintaqının təzələnməsinə, sadaladığımız məsələlərin həllinə ehtiyac var”.
Seymur Həzi özü də, digər vəkilləri də vəsatəti müdafiə etdi. Digər təqsirləndirilən şəxsin vəkili Eldəniz Quliyev bu vəsatətlə bağlı qərarı məhkəmənin öhdəsinə barıxdı. Məhərrəm Həsənov özü isə vəsatətin əleyhinə çıxdı. Bu məsələdə onun mövqeyi dövlət ittihamçısı Əhəd Ibrahimovla üst-üstə düşdü. Prokuror da vəsatətin təmin olunmamasını istədi. Məhkəmənin qərarı da prokurorun istəyinə uyğun oldu – vəsatət təmin olunmadı.
Daha sonra Seymur Həzinin digər vəkili Elton Quliyev müdafiə nitqilə çıxış etdi. Dedi ki, Seymur Həzi həbsi əvvəlcədən həbs olunacağını bilirdi. Təsadüfi deyil ki, hadisədən 3-4 gün əvvəl onunla görüşərək, həbs ediləcəyi təqdirdə, hüquqlarını müdafiə etməyi xahiş edib: “Mən də zarafatyana dedim ki, iş çoxdur, bir az özünü gözlə, elə olsun ki, türməyə gedib-gəlməyə vaxt tapa bilim. Bu söhbətdən 3-4 gün sonra günorta saat 1 radələrində zəng elədi ki, məni artıq həbs elədilər.
Əgər bu hadisənin səbəbkarı Məhərrəm Həsənovdursa, o zaman Seymur Həzinin hərəkəti xuliqanlıq kimi qiymətləndirilə bilməz. Onun hərəkətinin motivi var, bu da özünü müdafiə etməkdir. Bu məsələdə motivsiz hərəkət Məhərrəm Həsənovun hərəkətidir.
Biz istintaq zamanı hadisənin baş verməsində Məhərrəm Həsənovun günahkar olduğu haqda vəsatət verdik, onu təmin eləmədilər. Amma ertəsi gün Məhərrəmi həbs elədilər. Əgər Məhərrəmin hərəkəti xuliqanlıqdırsa, deməli, Seymurun həmin hərəkəti üçün səbəb var idi. Yox, əgər istintaq Seymurun hərəkətini xuliqanlıq kimi qiymətləndiribsə, onda Məhərrəmin hərəkəti nə idi? Hər ikisinin hərəkətinin xuliqanlıq kimi qələmə verilməsi nonsensdir, ən azı, hüquqi savadsızlıqdır.
Məhərrəm Həsənov bu işi niyə törədib – ən yaxşısını özü bilir. Məhkəmə də öz səlahiyyətlərindən sui-istifadə edərək onu araşdırmağa bizə imkan vermədi. Amma elə məqamlar var ki, onun üstündən keçmək olmaz. Adam iddia edir ki, Seymurla “facebook”da ona yazdığı mesaja cavab vermədiyinə görə mübahisə başlayıb. Deyirik ki, gətirib göstərsin görək Seymura nə yazmışdı, ümumiyyətlə, yazmışdımı? Deyir ki, nə “facebook” səhifəmin parolunu bilirəm, nə elektron poçtumun parolunu bilirəm. Hətta poçtunun hansı serverdə açıldığını da bilmir. Bu cür şübhəli məqamlar məhkəmənin diqqətindən yayınmamalı, həqiqətin ortaya çıxması üçün verilən vəsatətlərimiz rədd olunmamalı idi.
Bu hadisənin Seymuru həbs etmək üçün əvvəlcədən hazırlandığını düşünməyə kifayət qədər əsasımız var. Seymur tutulmalıydı, tutuldu da. Seymura müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası verilməli idi, veriləcək də. Buna şübhəmiz yoxdur. Çünki iş materiallarındakı açıq-aşkar qışqıran xüsusatlara məhkəmənin obyektiv qiymət verəcəyinə inanmırıq. Məhkəmə əslində, ədalət sarayıdır. Amma təəssüf ki, bizlər ədalətə nail olmağa inanmaya-inanmaya bura gəlmişik. Amma biz bunu etməliyik – həm hüquqşünas olduğumuza, həm vəkil olduğumuza görə, həm də Seymur Həzi qarşısında dostluq, insanlıq borcumuzdur. Təəssüf ki, bu gün Azərbaycanda insanlar məhkəməyə ədalət arxasınca gəlmir. Bu, bizim hamımızın fəlakətimizdir. Istənilən halda, Seymur Həzinin barəsində bəraət hökmünün çıxarılmasını xahiş edirəm.
Bir məsələ də mənə qaranlıqdır, Seymur tutulmalı idi, tutuldu da, Məhərrəmin burada nə işi var, anlamıram. Tutub buraxmışdılar, daha niyə bir də tuturdular?!”
Məhərrəm Həsənovun vəkili Eldəniz Quliyev ona yüngül cəza verilməsini, dörd aydan çoxdur ki, həbsdə olduğunu nəzərə alaraq, məhkəmə zalından azadlığa buraxılmasını istədi.
Seymur Həzi isə hakim Şövkət Nəcəfovanın nəzərinə çatdırdı ki, məhkəmədə çıxış üçün son söz yazmışdı. Lakin təcridxananın nəzarətçiləri onu məhkəməyə gətirərkən əlindən alıblar. Əvvəl hakim bu məsələnin təcridxanaya aid olduğunu bildirərək, əhəmiyyət vermək istəmədi. Lakin Seymur Həzi onun nəzərinə çatdırdı ki, söhbət məhkəmə çıxışının müsadirəsindən gedir və bu, birbaşa onun müdafiə hüququnun pozulmasıdır. Bundan sonra hakim söz verdi ki, məsələni araşdıracaq.
Məhkəmə prosesi sabah vəkil Adil Ismayılovun müdafiə çıxışı ilə davam edəcək.
Aytən Məmmədova