Əli Həsənov İranı qıcıqlandıran hansı açıqlamalar verib?
İranla Azərbaycanın münasibətləri normallaşdığı bir vaxtda İsrailin “Jerusalim Post” qəzeti Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun İranı qıcıqlandıracaq açıqlamalarını yayıb. Qəzet iddia edir ki, Əli Həsənov bu açıqlamaları Bakıda səfərdə olan İsrailin nümayəndə heyəti ilə görüşdə səsləndirib.
“Jerusalim Post” yazıb ki (virtualaz.org), Əli Həsənov görüşdə Azərbaycanın Israili “olduqca mühüm” müttəfiq və strateji tərəfdaş hesab etdiyini bildirib. Prezident Administrasiyası rəsmisinin sözlərinə görə, Iranla qonşu olan dünyəvi müsəlman ölkəsinin Israillə münasibətləri “təzyiqlərə baxmayaraq” inkişaf edəcək və çiçəklənəcək.
“Bizim bütün ölkələrlə qarşılıqlı maraqlara söykənən münasibətlərimiz var, o cümlədən bir-biri ilə rəqib olan ölkələrlə” – Əli Həsənov deyib.
Azərbaycan rəsmisi buna misal olaraq Bakının Rusiya və ABŞ-la münasibətlərini, həmçinin Iran, Türkiyə və Israillə tərəfdaşlığını göstərib. Əli Həsənov deyib ki, o, yanvarın əvvəllərində prezident Ilham Əliyevi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə müşayiət edib, ancaq bir dəfə də bunun şahidi olmayıb ki, Türkiyədən kimsə Azərbaycanın Israillə sürətlə inkişaf edən münasibətlərinin soyumasını, yaxud kəsilməsini xahiş etsin.
Bundan əlavə, Prezident Administrasiyası rəsmisinin sözlərinə görə, Israillə yaxşı münasibətlər Azərbaycana Vaşinqtonda kömək edir. Belə ki, Amerika paytaxtında fəaliyyət göstərən yəhudi qrupları və Israil liderləri amerikalı həmkarları ilə Azərbaycana dair çoxlu diskussiyalar aparırlar.
Həmçinin Azərbaycan və Israil etibarlı hərbi tərəfdaşlıq münasibətlərinə malikdir. Əli Həsənov Azərbaycanın Islam Konfransı Təşkilatına üzv olan müsəlman ölkəsi kimi eyni zamanda Israillə yaxın münasibətlərə malik olmasını başqa müsəlman ölkələri üçün nümunə hesab edir.
Qeyd edək ki, bir müddət əvvəl “Jerusalim Post” və “Haaretz” qəzetləri Azərbaycan hakimiyyətini tənqidinə həsr olunmuş məqalələr dərc etmişdilər. Həmin yazılara prezidentin mətbuat xidmətinin rəhbəri səviyyəsində kəskin reaksiya verildi. “Haaretz”in dərc etdiyi məqalədə Azərbaycanla Israilin Iran əleyhinə atdığı addımlardan da bəhs edilirdi. Azərbaycan hakimiyyəti bunu təxribat kimi qiymətləndirmişdi.