Hakimiyyət Rusiyanın zəifləməsindən niyə istifadə etmir?
Üzeyir Cəfərov: «Qarabağ münaqişəsinin həlli üçün əlverişli şərait yaranıb»
Ölkənin 20 faiz ərazisi düşmən tapdağındadır. 20 ildən artıqdır ki, Qarabağ münaqişəsi öz ədalətli həllini tapmır. Azərbaycan hakimyyəti isə ordumuzun gücündən, hərbi büdcəmizin Ermənistanın dövlət büdcəsindən artıq olmasından danışır. Tez-tez deyirlər ki, ordumuz lazım gəlsə hərbi yolla torpaqları azad edə bilər.
Təbii ki, Azərbaycan ordusunun büdcəsi də, gücü də Ermənistan ordusundan artıqdır və bu hakimiyyətin qeyri-adi uğuru deyil. Əksinə, normal hakimiyyət olsaydı, Azərbaycan Ermənistandan bir neçə dəfə deyil, 100 dəfələrlə üstün olmalıydı.
Onu da qeyd edək ki, hakimiyyət təmsilçiləri də daxil olmaqla hamı Qarabağ münaqişəsinin həllinin Rusiyadan asılı olduğunu etiraf edir. Hakimiyyət Rusiyanı özünə “böyük qardaş” hesab etsə də, reallıq budur ki, Ermənistana bütün istiqamətlərdə dəstək verən Rusiyadır. Daha dəqiq desək “lazım”ın gəlişinə Rusiya imkan vermir.
Indiki mərhələdə isə yeni situasiya yaranır. Belə ki, Rusiya ciddi sanksiyalarla üz-üzə qalıb, ölkə iqtisadiyyatı uçuruma yuvarlanır və ölkə daxilində kataklizmlər yaranacağı proqnozlaşdırılır. Yəni, hazırki şəraitdə Rusiyanın bütün enerjisi ölkə daxilində baş verənlərə yönəlib və ikinci bir cəbhədə döyüşmək iqtidarında deyil.
Qarabağın işğalına “yaşıl işıq” yandırmış Rusiyanın zəifləməsi, Azərbaycan üçün fürsət rolunu oynaya bilərmi? Yəni, bu vəziyyətdən istifadə edib hərbi əməliyyatlara başlamaq, yaxud Qarabağ məsələsində hansısa uğura imza atmaq olarmı?
Belə bir vəziyyətdə Qarabağ məsələsinin prioritet seçilməsi, Rusiyanın dəstəyindən məhrum olmuş Ermənistanın küncə sıxışdırılması uğurlu addım ola bilər.
Hərbi ekspert Üzeyir Cəfərov hesab edir ki, yaranmış vəziyyətdən istifadə edib hərbi əməliyyatlar keçirmək olar: “Qarabağın işğalının memarı da, icra edəni də Rusiyadır. Indiki vəziyyətdə Rusiyanın diqqəti öz problemlərinə qarışıb və Ermənistan o qədər də maraqlı görünmür. Rusiyada istənilən an partlayış baş verə bilər və Putin hakimiyyəti süquta uğraya bilər. Belə bir məqamda Qarabağ məsələsinin həlli üçün obyektiv və subyektiv əsaslar yaranır. Düşünürəm ki, 2015-ci ilin fevral-mart aylarında Rusiyanın vəziyyəti daha da gərginləşəcək. Azərbaycandan bundan istifadə edib hərbi əməliyyatlara başalayaraq bəzi rayonların geri qaytarılmasına nail ola bilər”.
Ekspert onu da əlavə etdi ki, hakimiyyətin bu fürsətdən istifadə edəcəyinə o qədər də inanmır: “Dəfələrlə belə fürsətlər yaranıb. Amma zəruri addımlar atılmayıb. Indi də ölkədə Avropa Oyunları keçiriləcək və bunun fonunda Azərbaycanın hansısa addımlar atması inandırıcı görünmür. Amma istənilən halda baş verənləri Qarabağ məsələsinin həlli istiqamətində əlverişli hesab edirəm”.
Akif