Gəncə sakini bu şəhərdəki Diaqnostika Mərkəzində baş verənlər haqda səhiyyə nazirinə müraciət edib
Gəncə sakini Rafiq Xudaquliyev “Azadlıq” vasitəsilə Səhiyyə Nazirliyinə çatdırmaq istəyir ki, bu şəhərdə dövlət vəsaitilə tikilən və avadanlıqlarla təchiz olunan xəstəxana vətəndaşlara xidmət üçün özəl klinika kimi konkret məbləğlər müəyyənləşdirib. Yalnız həmin ödənişlər həyata keçiriləndən sonra vətəndaşların müayinəsinə imkan verilir. Söhbət Gəncədəki Diaqnostika Mərkəzindən gedir. Şikayətçi “Azadlıq”a məktubunda adıçəkilən tibb müəssisəsində başına gələnlərdən bəhs edir:
“Noyabrın 25-də səhhətimdəki problemlərlə əlaqədar Gəncə Diaqnostika Mərkəzinə müraciət etdim. Mərkəzin Hilal Ismayılov diaqnozun müəyyənləşdirilməsi üçün zond udmağımın lazım olduğunu bildirdi. Bildirdi ki, bunun üçün 25 manat pul ödəməliyəm, resept üçün isə 8 manat istədi.
Mən deyilən məbləğləri ödədim. Bununla belə, həkimin köməkçisinə bildirdim ki, bura dövlət müəssisəsidir, mən isə məcburi köçkünəm və pul ödəməməliyəm. Mənə bildirdilər ki, bu xəstəxana özü-özünü maliyyələşdirir və dövlətlə heç bir əlaqəsi yoxdur. Bundan sonra həkim məni UZI aparatına müayinəyə göndərdi, orada da 32 manat, əlavə qan və böyrək analizinə isə 20 manat pul verdim. Onlar da mənə eyni cavabı verdilər ki, bu, dövlət xəstəxanası deyil.
Onu da deyim ki, bu xəstəxanadan çıxandan sonra adamı əlavə bir xəstəlik tapar. Çünki burada otaqlar həddindən artıq soyuqdur.
Səhiyyə nazirindən xahişim budur ki, Gəncə şəhər Diaqnostika Mərkəzində baş verənlərə diqqət yetirsin. Dövlət vəsaitilə başa gəlmiş bu tibb müəssisəsi kimə və hara xidmət edir?!”
Sosial şöbə