Azad İsazadə: «Bu, prinsipial məsələ deyil»
Xəbər verildiyi kimi, təhsil naziri Mikayıl Cabbarov təhsil müəssisələrindəki müəllimlər arasında gender bərabərliyinin pozulmasından narahatlığını bildirib. Deyib ki, müəllimlər arasında qadınların sayı kişilərdən xeyli çoxdur. Bu tendensiyanın yeni yaranmadığını deyən Mikayıl Cabbarov məsələnin nazirliyin diqqətində olduğunu vurğulayıb.
Heç kimə sirr deyil ki, bu gün Azərbaycanda müəllim maaşı ilə ailə dolandırmaq mümkün deyil. Bu mənada, müəllimlik ixtisası üzrə təhsil alan kişilər belə, bir çox hallarda sosial qayğıların öhdəsindən gəlmək üçün başqa işin qulpundan yapışırlar. Illərdir davam edən bu tendensiya orta məktəblərdə qadın müəllimlərin sayının artmasına gətirib çıxarıb.
Müəllimlər arasında kişilərin azlığının tədrisə, həmçinin şagirdlərin psixi durumuna hər hansı təsiri ola bilərmi? Bu sualla müraciət etdiyimiz psixoloq Azad Isazadə deyir ki, orta məktəblərdə qadın müəllimlərin çoxluğunun mənfi bir təsiri yoxdur. Onun sözlərinə görə, kollektivdə hər iki cinsin bərabər olması daxili mühitə və onların təsir göstərdiyi insanlara, yəni şagirdlərə təsirini yaxşılaşdırır: “Kişi müəllimlər yeniyetmə oğlanlarla fəndən kənar mövzular ətrafında müzakirələr aparır. Bu baxımdan, məktəblərdə kişi pedaqoqların çalışmasının müsbət tərəfi ola bilər. Amma bu, prinsipial məsələ də deyil. Ilk növbədə müəllimin cinsinə deyil, onun işinin keyfiyyətinə baxılmalıdır”.
Nigar